Bakıda IX Beynəlxalq Bankçılıq Forumu öz işinə başlayıb. Tədbir “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” devizi altında keçirilir.
Forumda nağdsız iqtisadiyyat, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, açıq bankçılıq, kapital bazarları və yeni ödəniş ekosistemləri kimi sahələr üzrə müzakirələr aparılır. Tədbirdə dövlət qurumlarının, bank və maliyyə institutlarının, fintex ekosisteminin, beynəlxalq təşkilatların və aparıcı şirkətlərin nümayəndələri iştirak edirlər.
Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov çıxışında bildirib ki, ölkədə “AzQr” standartının təsdiqlənməsi prosesi yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, bu standart nağdsız ödənişlərin qəbulu prosesini həm regionlarda, həm də paytaxtda xeyli asanlaşdıracaq, eyni zamanda ödəniş xərclərini azaldacaq:
“Mərkəzi Bank olaraq dinamik dəyişiklikləri nəzərə alaraq nəzarət mexanizmlərimizi təkmilləşdiririk. Strategiyamıza əsasən, risk əsaslı nəzarətə keçidi təmin etmək üçün yeni texnoloji həllər tətbiq edirik və bu həllərin maliyyə institutları tərəfindən istifadəsini də təşviq edirik.”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı forumda çıxış edərək qeyd edib ki, Azərbaycanda iqtisadi artımın sürətləndirilməsi üçün ciddi potensial mövcuddur. Onun sözlərinə görə, mövcud buraxılış kəsiri iqtisadi artımın daha geniş miqyasda inkişaf etdirilməsi üçün imkanların olduğunu göstərir.
İİTKM rəhbəri bildirib ki, yaxın dövrün əsas prioriteti investisiya xəttinin gücləndirilməsidir. Hazırda 2027–2030-cu illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası üzərində iş aparılır və sənəddə 10 milyard manatdan çox əsaslı vəsait qoyuluşu nəzərdə tutulur. Bundan əlavə, Böyük Qayıdış proqramı çərçivəsində 2027–2030-cu illərdə 13,2 milyard manat həcmində investisiya yatırılması planlaşdırılır.