Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı keçiriləcək

23-24 iyun 2022-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü İllik Toplantısı keçiriləcək. Toplantıda Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək.

İllik Toplantı çərçivəsində QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forum təşkil ediləcək. 

Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları diqqət mərkəzində saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır