“Sahibkarlar günü” və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyi ilə bağlı aprelin 25-də “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda Konfrans keçirilib.
KOBİA-nın məlumatına əsasən əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
Konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov konfrans iştirakçılarına video müraciət ünvanlayıb, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “Hünər Qrup” şirkətinin təsisçisi və baş direktoru Ehtiram Quliyev çıxış ediblər.
Çıxışlarda ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl sektorun formalaşması və inkişafında ulu öndərin rolu, bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, özəl sektorun inkişafı, sahibkarların sosial rifah və məşğulluqda rolu, kiçik və orta biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun əhəmiyyəti barədə məlumat verilib.
Tədbirdə sahibkarlığın inkişafına və ASK-nın 25 illiyinə dair filmlər nümayiş olunub, dövlət-özəl dialoqunun inkişafına verdiyi töhfəyə görə bir qrup sahibkar mükafatlandırılıb.
Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Tədbir bədii hissə ilə başa çatıb.
Xatırladaq ki, 22 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 9 ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.