Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək

Bu il 14-15 oktyabrda Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək. Zirvə görüşü çərçivəsində həmçinin Bakıda türkdilli dövlətlərin sahibkarlarının beynəlxalq biznes forumu da təşkil olunacaq. Bununla bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amrayevlə görüşüb.

Görüşdə səfir Amreyev Azərbaycanın Astanada ticarət evi açmasını böyük rəğbətlə qarşıladığını bildirərək, qarşıdakı sammitin mühüm hadisələrlə yadda qalacağına toxunub. Onun sözlərinə görə, bu tədbirdə Macarıstan Ticarət və Sənaye Palatası, Macarıstan hökuməti iştirak edəcək, eyni zamanda Özbəkistan və Türkmənistanla yanaşı Macarıstan da müşahidəçi qismində təmsil olunacaq.

Oktyabrın 5-də Özbəkistanın paytaxtı  Daşkənd şəhərində beynlxalq biznes forum keçiriləcəyini vurğulayan Bağdad Amrayev, Konfederasiya  üzvlərinin bu forumda geniş sahibkar heyətilə təmsil olunmasının məqsədəuyğunluğunu söyləyib.    

ASK prezidenti Daşkənddə olacaq biznes forumla bağlı Konfederasiyanın dəstək verəcəyini vurğulayıb. Məmməd Musayev həmçinin Bakı forumunun yüksək səviyyədə keçirilməsi üçün bütün imkanların səfərbər olunacağını və sahibkarların qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün şərait yaradılacağını bildirib.  

Görüşdə əsnasında türkdilli dövlətlərin sahibkarları arasında öz fəallığı ilə seçilən iş adamlarının xüsusi olaraq mükafatlandırılacağı qeyd edilib. Belə ki, öz ölkəsindən əlavə daha iki türk dövlətində biznes quran, işgüzarlığı ilə seçilən şirkətlər bu mükafata layiq görüləcəklər.

Qeyd edək ki, 14-15-də oktyabrda Bakıda keçiriləcək sammit və biznes forum “Türkdilli dövlətlərdə kiçik və orta sahibkarlığın inkişafı”na həsr olunacaq.

Məlumat üçün qeyd edək ki, ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi 2018-ci ildə 29%, bu ilin yanvar-iyul ayı ərzində isə 32% artıb.

Xatırladaq ki, 17 may 2019-cu il tarixində Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ticarət – sənaye palatalarının iştirakı ilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır