“Bakutel-2017” sərgisi öz işinə başlayıb

23-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2017” sərgi-konfransı bu gün öz işinə başlayıb. Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilir.

Sərginin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, ənənəvi olaraq 20 ildən artıq bir müddətdə keçirilən tədbir ölkəmizdə İKT-nin müxtəlif istiqamətləri üzrə əldə olunan mühüm nailiyyətlərin nümayişi, yeni texnologiyalar və həllərlə tanışlıq, iştirakçı xarici ölkə və şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

O qeyd edib ki, “Bakutel” sərgi-konfransı müxtəlif ölkələri təmsil edən dövlət və ictimai xadimlərin, aparıcı biznes rəhbərlərinin, mütəxəssislərin, eləcə də, İKT sektorunun nümayəndələrinin yeni əməkdaşlıq əlaqələri, qlobal əhəmiyyətli müzakirələr və gələcək inkişaf perspektivlərini müəyyən etməsi üçün əlverişli platformadır.

Qeyd edək ki, dörd gün davam edən sərgi yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır