Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti tərəfindən qəbul edilən qərara əsasən, qanunvericiliyə uyğun olaraq “Bank BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkil edilməsinə qabaqcadan razılıq verilib.
BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, çevrilmə ilə bağlı zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar”a uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.
Bu çərçivədə “Bank BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Müqaviləyə əsasən, “Bank BTB”də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi və ya ABB tərəfindən həmin depozitlərin geri qaytarılması təmin ediləcək.
Həmçinin “Bank BTB”yə kredit borcu və digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulunu da ABB həyata keçirəcək. Bu proseslə bağlı müştərilərə məlumatlar ABB və “Bank BTB”nin müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.
AMB qeyd edib ki, “Bank BTB”nin yenidən təşkili bankın kreditorları və əmanətçiləri üçün heç bir risk yaratmır. Bankın ölkənin bank sistemində payı aktivlər üzrə 0,6 %, kredit portfeli üzrə 0,9 %, sektorun öhdəlikləri üzrə isə 0,6 % təşkil edir.
Məlumata görə, bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı üçüncü haldır. Daha əvvəl “Parabank” ASC “Para” ASC BOKT-a, “Naxçıvan Bank” ASC isə “E-kredit” MMC BOKT-a çevrilib. Beləliklə, ölkədə bankların sayı 22-dən 21-ə enəcək.
Məsələ ilə bağlı açıqlama verən ABB bildirib ki, “Bank BTB”nin aktivlərinin alınması bankın strateji inkişaf hədəflərinə və böyümə planlarına uyğundur. Bildirilib ki, “Bank BTB”də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslər 10 mart tarixindən etibarən razılıq əsasında depozitlərini mövcud müqavilə şərtləri ilə ABB-yə keçirə və ya müqavilələrə xitam verərək həmin tarixə hesablanmış faizlərlə birlikdə vəsaitlərini ABB-nin istənilən filial və ya şöbəsindən geri götürə bilərlər.
Eyni zamanda “Bank BTB”yə kredit borcu olan müştərilərin kreditləri də mövcud müqavilə şərtləri ilə ABB-yə ötürüləcək və ödənişlərin qəbulu həmin şərtlərlə davam etdiriləcək. Müştərilər kredit ödənişlərini etmək və müvafiq sənədləşmə işlərini aparmaq üçün ABB-nin istənilən filial və ya şöbəsinə müraciət edə bilərlər.