“Bank Ombudsmanı” mətbuat üçün açıqlama ilə çıxış edib

Bank Ombudsmanı təsisatı barəsində mediada gedən müxtəlif səpkili materailların bir çox hallarda həqiqətə uyğun olmadığını, təhriflərə yol verildiyini nəzərdə tutaraq mətbuat üçün açıqlama ilə çıxış edib.

Bank Ombudsmanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli qərarı ilə yaradılıb, Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Bank Ombudsmanı öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ədalət, qanunun aliliyi, müstəqillik, qərəzsizlik və tərəflərin hüquq bərabərliyi prinsipləri əsasında həyata keçirir. Onun fəaliyyətinə heç bir şəxs müdaxilə edə bilməz. ABA-nın 33 üzvündən 23-ü Bank Ombudsmanının fəaliyyətinə qoşulub. Hazırda digər üzvlərlə bu istiqamətdə danışıqlar aparılır.

Bank Ombudsmanı təsis olunarkən dünya təcrübəsi əsas götürülüb. Əksər ölkələrdə (Türkiyə, Rusiya, Qazaxıstan, İsveçrə, Estoniya və s.) onlar Banklar Assosiasiyalarının tərkibində yaradılır. (Gələcəkdə bu qurumun ayrıca olaraq fəaliyyət göstərməsi istisna edilmir.) Belə institutlar Assosiasiya tərəfindən maliyyələşir və ya müraciətlə baxmaq müqabilində aldığı ödənişlər hesabına fəaliyyət göstərirlər.

Azərbaycanda Bank Ombudsmanı müraciətlərə ödənişsiz baxdığı üçün ilkin mərhələdə ABA tərəfindən maliyyələşdirilir. Bu o demək deyil ki, Bank Ombudsmanı müstəqil olmayacaq və istənilən an səbəbsiz vəzifəsindən azad edilə bilər. Maliyyələşmə mənbəyi Bank Ombudsmanın öz fəaliyyətində müstəqilliyinə kölgə salmır. Sual olunur. Bəs o, hansı mənbədən maliyyələşməlidir? İrad tutanlar nə üçün təkliflərini vermirlər? Bank Ombudsmanı məhkəmə hakimiyyəti qoluna daxil deyil və o, dövlət tərəfindən maliyyələşə bilməz. Müştərinin verdiyi rüsum hesabına maliyyələşmə hazırkı məqamda məqbul hesab oluna bilməz.

Digər mühüm məqamlar müraciət və iddia məbləği ilə bağlıdır. Belə ki, bank Ombudsmanına banklar və ya hüquqi şəxslər yox, yalnız bankların fiziki şəxs olan müştəriləri müraciət edə bilərlər. Burada əsas məqsəd banklarla onların fiziki şəxs olan müştəriləri arasında olan fikir ayrılıqlarının aradan qaldırılmasına xidmət etməkdir. Bank Ombudsmanının qərarları yalnız vətəndaşların razılığı ilə qəbul edilir. Belə olduğu halda müştərini qane etməyən qərarların qəbulu mümkün deyil.

İddia məbləği 2000 (iki min) ABŞ dollarının müraciətin daxil olduğu gün rəsmi məzənnəyə uyğun olaraq manat və digər valyuta ekvivalentinə bərabər olan müqavilələrin bağlanması, dəyişdirilməsi, icrası və ya xitam verilməsi ilə bağlı yaranan hüquqi və mülki mübahisələrin həlli Bank Ombudsmanının səlahiyyətlərinə aid edilib. Buraya kreditlərlə yanaşı, depozitlər, köçürmələr, ödəniş kartlarla bağlı yaranan mubahisələr də aiddir. Digər tərəfdən ilk növbədə az təminatlı ailələrin problemlərinin aradan qaldırılması daha önəmlidir. Zərurət olarsa, məbləğin artırılması mümkündür.

İddia məbləğinin ABŞ dolları ilə müəyyən edilməsi isə milli valyutanın üzən məzənnə prosesi ilə bağlılığından irəli gəlir. Eyni zamanda nəzərə alınmalıdır ki, cari ilin aprel ayına olan statistik məlumata əsasən, 2000 ABŞ dolları məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı 112.000 nəfərdən artıqdır.  Məbləğin artırıldığı təqdirdə bu rəqəmin sayı daha da yüksələcəkdir. Ona görə də, ilkin mərhələdə götürülən məbləğ daha realdır.

Hesab edirik ki, əhalidə narahatçılıq yaradan problemlərin çözülməsinə xidmət edən Bank Ombudsmanının fəaliyyətinə dair Bank müştərilərində çaşqınlıq yaradan, mənbəyi və əsası olmayan izahların verilməsi ümumi məqsədimizə xidmət etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır