Bank sektorunun əsas göstəriciləri açıqlandı

2023-cü ilin Yanvar ayının sonunda Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 861.9 milyon manat, cəmi öhdəlikləri 40 milyard 200.2 milyon manat, balans kapitalı 5 milyard 661.7 milyon manat olmuşdur.

BBN.az Mərkəzi Bankın yanvar ayı statistik bülleteninə istinadən xəbər verir ki, yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 milyon manat artaraq 19 milyard 669.6 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: biznes kreditləri – 55.2% (10 milyard 845.6 milyon manat), istehlak kreditləri – 29.5% (5 milyard 811.9 milyon manat) və ipoteka kreditləri – 15.3% (3 milyard 12.2 milyon manat). Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 82%-i və ya 32 milyard 968.8 milyon manat). Depozit portfelinin 64.6%-ni (21 milyard 282 milyon manat) hüquqi şəxslərin depozitləri, 35.4%-ni (11 milyard 686.8 milyon manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.

Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 milyon manat artmışdır. Əmanət portfelinin 53%- i (6 milyard 196.3 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 818.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 88.4%-ni təşkil etmişdir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil etmişdir.

2023-cü ilin yanvar ayında banklar 90.3 milyon manat xalis mənfəət, 134.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 54% və 50% artmışdır.

31 yanvar 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 489, şöbələrinin sayı 92, ATM-lərin sayı 3006 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 93 nəfər artaraq 22 min 870 nəfər təşkil etmişdir. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı