Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov: “ABB yeni strateji dövrə daxil olub”

Müsahibimiz Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovdur

  • Abbas müəllim, ABB bu günlərdə dayanıqlı inkişaf hesabatını təqdim etdi. Hesabatdakı əhatəli məlumatlar ictimaiyyətdə geniş maraq doğurdu. Belə hesabatların əsas məqsədi nədir?

– Bu cür əhatəli məlumatları paylaşmaqla bizim əsas məqsədimiz bütün maraqlı tərəfləri fəaliyyətimiz haqqında ətraflı məlumatlandırmaq və davamlılıqla bağlı öhdəliklərimizə sadiqliyimizi göstərməkdir. Hesabatda Bankımızın ətraf mühitin qorunması, sosial məsələlər, məsuliyyətli idarəetmə (ESG) kimi dayanıqlı inkişaf iqtiqamətlərində əsas fəaliyyət göstəriciləri təqdim olunub. Daha aydın mənzərə yaransın deyə, əsas məlumatlarımızı üç il üzrə, müqayisəli şəkildə təqdim etmişik. ABB qlobal standartlara uyğun hazırlanmış belə bir  dayanıqlı inkişaf hesabatı ilə sektorda müsbət nümunə yaratmağı hədəfləyir.

  • Hesabat hansı xüsusiyyətləri ilə fərqlənir ?

-Bu hesabatdakı yanaşma, standartlar, məlumatların əhatə dairəsi tamamilə yenidir. ABB-nin 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı hazırlanarkən Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) 2021 Standartlarının tövsiyələri, eləcə də BMT-nin və digər beynəlxalq təşkilatların dayanıqlılıq üzrə təşəbbüsləri əsas götürülüb. Hesabatdakı qeyri-maliyyə məlumatlarının tam düzgünlüyü və şəffaflığı ilə bağlı beynəlxalq audit şirkəti EY müstəqil əminlik bəyannaməsi təqdim edib.

  • ABB-nin fəaliyyətinin xüsusilə son illəri hansı tendensiyalarla xarakterikdir?  

ABB-nin son 7 illik tarixini biz şərti olaraq üç mərhələyə bölmüşük. İki mərhələ artıq tamamlanıb. Üçüncü mərhələ isə yenicə başlanıb. Birinci dövr 2016-2018-ci illəri əhatə edirdi. Bu, Bankımızın həyatında sabitləşmə mərhələsi idi. Onda ABB dövlətimizin dəstək verdiyi müxtəlif tədbirlərlə sağlamlaşdırma proseslərindən keçdi. Eyni zamanda, hərtərəfli təhlillər əsasında Bankın gələcək inkişafı ilə bağlı ümumi baxış formalaşdı. Xarici məsləhətçilər də cəlb etməklə inkişaf strategiyası işlənib hazırlandı. 2019-2022-ci illər ilk inkişaf strategiyamızın icrası dövrü oldu. Ötən üç il inkişaf üçün möhkəm təməllərin formalaşdırılması mərhələsi idi. 2023-cü ildən başlanan yeni dövr isə mahiyyətcə inkişaf proseslərinin sürətləndirilməsi dönəmidir. Biz artıq yeni strateji dövrə daxil olmuşuq.

  • ABB-nin ötən dövrdəki uğurlarını bir neçə rəqəmlə necə ifadə edərdiniz?

-ABB-də sağlamlaşma dövründən sonra, yəni 2018-ci ildən etibarən əldə etdiyimiz uğurları ifadə edəcək rəqəmlər çoxdur. Bankın dayanıqlı inkişafını təmin edən kredit portfeli oktyabr ayının sonuna 1,90 milyard manatdan 4,86 milyard manata, yəni 2,5 dəfə artıb. Müştəri sayımız 1,4 milyondan 2,3 milyona yüksəlib. İşçilərimizin orta yaşı 40 yaşdan 35 yaşa enib. 2023-cü ilin nəticələrini də nəzərə almaqla, 2018-2023-cü illər ərzində ABB 2 milyard manat vergidən əvvəl mənfəət əldə edib. Mənfəət vergisi, səhmdarlara ödənilən dividentlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 milyard manatdan çox ödənişlər edib.

  • Bu uğurlar hansı inkişaf layihələrinin nəticələridir?

Ötən strateji dövrdə biz ABB-nin fəaliyyəti üçün bir sıra mühüm layihələr yerinə yetirdik. Pərakəndə və korporativ istiqamətlər üzrə rəqəmsal kanallar qurduq. Biznes müştərilərimiz üçün yeni xidmət modeli yaratdıq. Mövcud müştərilərlə əlaqələri gücləndirdik. Məhsuldarlığı artırmaq və müştəri məmnuniyyətinə nail olmaq üçün filiallarımızın transformasiyasına start verdik. Əsas texnologiyalara investisiya etdik, onları modernləşdirdik. Rəqəmsal xidmət imkanlarını genişləndirdik, ABB rəqəmsal laboratoriyasını işə saldıq.

  •  Texnologiyalara və rəqəmsal kanallara investisiyalar hansı müsbət təsirlər yaratdı?

-Müsbət təsirlər bundan ibarət oldu ki, məsələn, indi 2 milyona yaxın rəqəmsal müştərimiz var. 700 000-ə yaxın aktiv rəqəmsal müştərimiz hər ay müntəzəm olaraq ABB mobile-da, ən azı, 1 əməliyyat aparır. Hər gün yenilənən ABB mobile platformamızla müştərilərimizin yalnız bank xidmətləri ehtiyaclarını yox, bütün maliyyə xidmətlərinə olan ehtiyaclarını qarşılamağa çalışırıq.

Bir müddət əvvəl tətbiq üzərindən investisiya imkanlarını hər kəsə əlçatan etdik. Hər bir ABB mobile istifadəçisi tətbiqdə investisiya profili yaradaraq səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazanc fürsətlərindən faydalana bilər. Buna paralel bir çox sığorta məhsullarından da ABB mobile vasitəsilə faydalanmaq imkanı yaratdıq. Həmin məhsulları cəmi bir neçə toxunuşla tətbiq üzərindən rahat şəkildə əldə etmək mümkündür.

  •  Bəs korporativ müştəriləriniz rəqəmsal imkanlardan necə faydalanır ?

– Biz korporativ müştərilərimiz üçün, tamamilə onların istək və ehtiyaclarına uyğun yeni İnternet Bankçılıq platforması yaratdıq. Bu gün də hər yeni funksionallıq yaradanda həmkarlarımız müştərilərlə görüşüb, onları dinləyir. Çalışırıq ki, onlar üçün yeni dəyərlər yaradaq. Hazırda korporativ müştərilərimiz əməliyyatların 96%-dən çox hissəsini məhz rəqəmsal kanallarla aparırlar.

  • Bank brend kimliyini də yenilədi…

– Bəli, 2021-ci ilin ortalarından fəaliyyətimizi ABB brendi altında davam etdirməkdəyik. Filiallarımızın transformasiyası layihəsi çərçivəsində xidmət ofislərimizin siması Bankımızın yeni brend kimliyinə uyğunlaşdırılır. Son iki ildə 13 filialımızı yenidən qurmuşuq, müştərilərimizə daha əlçatan olmaqdan ötrü 3 yeni filial yaratmışıq. Filiallarımızda xidmət modelləri də dəyişib.

  • Bu dövrdə məhsul və layihələrin idarə edilməsində hansı yeniliklər etmisiniz?

Bilirsiniz, müasir dövrdə müştərilərin sürətlə dəyişən davranışlarına, ehtiyaclarına uyğun məhsul və xidmətlər təqdim etmək çox vacibdir. Bank bazarında ciddi rəqabət var, xüsusən ödəniş və köçürmələr biznesində rəqabət artıq bank sektoru hüdudlarını aşıb. Bazara yeni oyunçular daxil olub. Bu cür rəqabətli mühitlərdə yalnız müştəri mərkəzli düşünən, lazımi keyfiyyətli, müştəri üçün yeni dəyər və göz oxşayan təcrübə yaradan məhsulu bazarda vaxtında təqdim edən oyunçular müştəriləri saxlaya biləcək. Bütün bunları düşünərək, biz də müasir idarəetmə metodu olan – Agile idarəetməni yaxından öyrənib tətbiq etməyə başladıq. Qurduğumuz 11 Agile sahə, 7 ekspertiza mərkəzi ilə bütün məhsulyaratma fəaliyyətimizi bu komandalara həvalə etmişik. Bu krossfunksional komandalar müştəri ehtiyaclarını daha yaxşı öyrənib, çevik şəkildə qərar verərək bazara sürətlə yeni məhsullar təqdim edə bilir. Bir nümunə deyim: son dövrlər ABB mobile tətbiqinin App Store və Google Play store platformalarında yeni relizlərinin çıxma sürətinə baxsanız, Agile komandaların fəaliyyətimizə nə qədər böyük fayda gətirdiyinin şahidi olarsınız.

Ümumən, Agile təcrübənin ölkəmizdə getdikcə yayılması, onun üstünlüklərinin düzgün dəyərləndirilməsi müsbət haldır. Getdikcə ölkəmizdə bu sahənin peşəkar mütəxəssislərinin sayı artır və onların bir qismi ABB-nin Agile komandalarında yetişir. Bir neçə gün əvvəl Bankımızın əsas tərəfdaşlığı ilə “Agile Azərbaycan – 2023” Beynəlxalq Sammiti keçirildi. Bu sammitdə Agile-ı tətbiq edən digər böyük tərəfdaşlarımızla birgə biz də son 2 ildə bu sahədə qazandığımız təcrübəni iştirakçılarla bölüşdük. Məmnunuq ki, biz Agile metodologiyasını təkcə tətbiq etmirik, eyni zamanda bu yeni idarəçilik mədəniyyətinin ölkəmizin biznes mühitində yayılmasına fəal şəkildə dəstək veririk.

  • Rəqabətli mühitdə müştərilərin loyallığını qoruyub saxlamağın əhəmiyyətli olduğunu bildirdiniz və yeni məhsulların önəmini qeyd etdiniz. Bəs müştəri loyallığı üçün başqa hansı alətlərdən istifadə edirsiniz?

Bu, daim üzərində düşündüyümüz məsələdir. Bu gün, rəqəmsal platformalar müştərilərlə təmaslar qurmaq və onlara yeni dəyərlər ötürmək üçün ideal kanal və məkandır. Düşünün, illər öncə müştəri loyallığını artırmaq üçün hədiyyə kuponları, endirim kartları, müxtəlif bonus proqramları var idi. Sonradan həyatımıza ödəniş kartları vasitəsilə keşbeklər gəldi. Müasir dünyada smartfonlar gündəlik həyatımızın tərkib hissəsidir. İnnovativ şirkətlər öz müştərilərinə rəqəmsal platformalar üzərindən data əsaslı, fərdiləşmiş loyallıq proqramları təqdim edir. Biz də ABB-də bunu etməyə çalışırıq. Məsələn, biz gördük ki, müştərilərimiz təkcə bizim keşbekli TamKart məhsulumuzla yox, öz maaş kartları ilə də nağdsız ödənişlər edirlər. Düşündük ki, həmin müştərilərlə rəqəmsal kanalımız vasitəsilə təmas qurub, heç bir yeni fiziki kart təqdim etmədən, məhz onun seçdiyi kateqoriyalara uyğun dəyərlər ötürək. Beləcə, hazırda bir neçə aydır müştərilər tərəfindən rəğbət görən “Faydalı keşbek” layihəmiz ortaya çıxdı. Rəqəmsal platformada, cəmi bir neçə toxunuşla ABB-nin istənilən kartını keşbek kartına çevirmək imkanı verdik. Bütün bunlar, hələ başlanğıcdır. Yaxın aylarda bu layihəmizi yeni mərhələyə daşıyacağıq. ABB-nin məhsul və xidmətlərindən daha çox istifadə edən, kartlarımızla daha çox dövriyyə edən müştərilərimizə daha böyük dəyərlər ötürəcəyik, onlara fərdiləşmiş təkliflərimiz olacaq.

  •  Yeni seqmentlər necə? Yeni strateji dövrdə yeni seqmentlərə daxil olmaq hədəfləri varmı?

– Biz özümüzü ölkənin ən böyük universal bankı kimi mövqeləndiririk. Yəni ABB bu gün bütün müştəri seqmentlərinə xidmət edir. Təhlillərimiz, bazar araşdırmalarımız onu göstərir ki, son dönəmdə ölkəmizdə bizneslərin şəffaflaşma meylləri, rəqəmsallaşma tendensiyası kiçik bizneslərin yeni ehtiyaclarını ortaya çıxarmaqdadır. Onlar üçün rəqəmsal kanallar üzərindən yeni xidmət modelinin yaradılmasına qərar vermişik.

  • Bu, kiçik sahibkarlara nə imkanlar yaradacaq?

– Nəzərdə tutduğumuz model sadə və göz oxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını asanlaşdıracaq “Beyond banking” həllərini də əhatə edəcək. Getdikcə şəffaflaşan kiçik bizneslərə yeni dəyərlər yaradaraq rəqəmsal platformamıza gətirmək istəyirik. Bu yenilik ölkəmizdə sahibkarlığın inkişafına kömək göstərəcək. Kiçik bizneslər üçün maliyyə resurslarını daha əlçatan edəcək.

  • Qlobal bankçılıq sahəsindəki yeni trendlərdən olan Açıq bankçılıq (Open banking) təşəbbüsləri və yeni texnoloji həllər sizin üçün nə qədər aktualdır?

Biz ölkənin ən böyük bankı kimi müasir bankçılıqdakı bütün meylləri yaxından izləyirik, ehtiyaclarımıza və biznes strategiyamıza uyğun həllərin tətbiqində ilklərdən olmağı hədəfləyirik. Ölkəmizdə yeni ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunun və digər yeni normaların dəstəklədiyi Açıq bankçılıq təşəbbüslərini biz yeni imkanlar perspektivindən dəyərləndiririk. Bu təşəbbüslər sektorda, maliyyə ekosistemində yeni bir dəyişiklik dövrü başladacaq, nəticədə isə müştərilərimiz üçün yeni dəyərlər formalaşacaq. Bir anlıq təsəvvür edək, açıq bankçılıq yanaşmasının tətbiqindən sonra, ayrı-ayrı banklar müştərilərinə fayda vermək məqsədilə, onun razılığı əsasında məlumatlarını rəqib banklara, eyni zamanda maliyyə ekosistemində fəaliyyət göstərən yeni innovativ oyunçulara – finteklərə, startaplara açacaqlar. Bu isə müştəri uğrunda daha dinamik və rəqabətli mühit formalaşdıracaq. Nəticədə müştəri ona ən uyğun məhsul və xidməti, ən keyfiyyətli şəkildə təqdim edən maliyyə təchizatçısını seçəcək. Təcrübə göstərir ki, buna hazırlıqlı olan müasir banklar, innovativ düşüncəli yeni finteklər bu proseslərdən uduşlu çıxır. Biz də, ABB olaraq bir müddətdir texnoloji və rəqəmsal infrastrukturumuzu buna uyğun qururuq. Açıq bankçılığa keçidin təməlləri sayılan, müxtəlif informasiya sistemləri arasında qarşılıqlı əlaqələrin qurulması üçün protokol və alətlər dəsti olan API-larımızı hazırlayırıq. Bu gün texnoloji infrastrukturumuz istənilən kənar qurum və ya şirkətin informasiya sistemləri ilə qarşılıqlı əlaqə qurmaq üçün hazır vəziyyətdədir. Hətta bu inteqrasiyaların bəzi nümunələrini artıq tətbiq etmişik. Ötən dövrdə “ƏDV geri al” xidmətinin iki operator bankından biri kimi, digər bir neçə kommersiya bankının müştəriləri üçün də bu xidmətə əlçatanlığı təmin etmişik. Bir qədər əvvəl qeyd etdiyim kimi, ilin əvvəlində ABB mobile istifadəçilərinə ABŞ birjalarına birbaşa, anlıq çıxışı təmin etmək üçün ABŞ-dakı bir broker şirkəti ilə real rejimdə inteqrasiyanı məhz bu texnoloji üstünlüyümüzə əsaslanaraq tamamlamışıq. Bu yaxınlarda bir sığorta şirkətinin sistemləri ilə qarşılıqlı inteqrasiya sayəsində müştərilərə əvvəldən sona qədər rəqəmsal təcrübə ilə sığorta məhsulları almaq imkanı vermişik. Müştərilər eyni zamanda ABB mobile-dan həmin sığorta şirkətindəki bütün aktiv məhsullarını izləyə bilir. Hazırda bir neçə fintek oyunçusu ilə inteqrasiya proseslərini müzakirə edirik.

O ki qaldı digər texnoloji meyllərə, biz onları da yaxından izləyirik. Misal üçün, bu günlərdə Generativ süni intellektin (Generative AI) imkanlarını tətbiq etməklə həm arxa ofis işlərində, proqramlaşdırmada məhsuldarlığı artırmaq üçün hansı işlər görə biləcəyimizi, həm də müştəri əlaqələrində, o cümlədən Məlumat Mərkəzində müştərilərlə doğma dilimizdə yazılı və səsli ünsiyyətdə bundan istifadə imkanlarını araşdırırıq.

  • Ətraflı məlumat üçün təşəkkür edirik. ABB-nin törəmə müəssisələrinin də inkişaf strategiyaları varmı?

-ABB Maliyyə Qrupuna daxil olan “ABB Moskva” Bankının, “ABB İnvest” şirkətinin, Azərikard prosessinq mərkəzinin də inkişaf strategiyaları hazırlanıb və icra edilir. Onların icrası ABB-nin ümumi inkişaf layihələri ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilir. ABB-nin strateji layihələri  birbaşa, yaxud dolayısı ilə törəmələrimizi də inkişaf etdirir. Eyni zamanda birgə fəaliyyət bizə müştərilərimizə, tərəfdaşlarımıza inteqrasiya olunmuş universal xidmətlər təqdim etmək imkanı yaradır.

  • Hazırda ABB-də nə qədər işçi çalışır?

-Bankımızın 3400-dən artıq əməkdaşı var. ABB sektorun əsas işəgötürənlərindən biri kimi ölkəmizdə məşğulluğa, sosial rifaha da töhfə verir. Maliyyə sektorunun ən yaxşı işəgötürəni olmaq üçün ABB-də korporativ mədəniyyət daha da gücləndirilir. Əməkdaşlarımızın inkişafına davamlı investisiyalar edilir. İşçilər yetişdirilir, onların özlərini arzularına uyğun istiqamətlərdə reallaşdıra bilmələrinə dəstək verilir. İşəqəbul, təcrübə, karyera inkişafı, daxili rotasiya və s. istiqamətlər üzrə müxtəlif proqramlarımızla ABB-də bərabər imkanlar mühiti qorunur. Bu mühit yeni layihələrimizlə daha da inkişaf etdiriləcək və özünü ABB komandasında görən hər kəsə daim əlçatan olacaq.

Biz ölkəmizin əmək bazarı üçün peşəkar mütəxəssislər yetişdiririk. Bankımızın 2019-cu ildə yaratdığı ABB Tech Akademiyasının uğuru buna daha bir nümunədir. 4 il ərzində ABB Tech Akademiyasını 526 məzun  bitirib. Onların 116 nəfəri hazırda ABB Maliyyə qrupunun müxtəlif layihələrində çalışır, digər məzunlar isə ayrı-ayrı yerli və xarici təşkilatların əməkdaşlarıdır. Məzunların işəqəbul əmsalı olduqca yüksəkdir. Bankımızın ABB İnnovasiya Mərkəzi də fəaliyyət göstərir. İndiyə qədər 40-a yaxın startap layihəsi burada inkubasiya mərhələsindən keçib və investorlara təqdim edilib. Belə layihələr biznes və təhsil əməkdaşlığının inkişafı, gənc istedadların dəstəklənməsi baxımından da çox mühümdür.

  • Bu yaxınlarda sektor üzrə 3-cü rübün yekunları açıqlandı. ABB olaraq, ilin ilk 3 rübü üzrə nəticələrinizi necə qiymətləndirirsiniz?

– Bir qədər əvvəl də qeyd etdiyim kimi, 2023-cü il, bizim yeni strateji dövr – “Sürətli inkişaf” adlandırdığımız dövrün ilk ilidir. Rəqəmlər onu göstərir ki, bankımız ötən dövrdə qurduğumuz sağlam təməllər üzərində sürətlə böyüməyə başlayıb. Bütün seqmentlər üzrə bazar payımızı artırmışıq, yəni rəqiblərimizdən daha sürətlə böyümüşük. Kredit bazarında payımızı 3 rüb ərzində 2% bəndi artıraraq 20%-ə çatdırmışıq, real sektorun maliyyələşdirilməsinə 1,7 milyard manatdan çox vəsait ayırmışıq, aktiv müştəri saylarını ötən ilə nəzərən 2 dəfə daha sürətlə artırmağa nail olmuşuq, yüksək xalis mənfəət əldə etmişik. Bütün bunlar yüksək motivasiyalı ABB komandasının yeni strategiyamıza sadiqliyini göstərir.

  • Son sualımız: yeni strateji dövrdə ABB qarşısına hansı əsas hədəfləri qoyub?

– Yeni strateji dövrdə ABB-nin əsas hədəfləri seqmentlər üzrə bazar liderliyi, data əsaslı rəqəmsal təcrübə, üstün müştəriyönümlülük və maliyyə sektorunun ən yaxşı işəgötürəni olmaqdır.  Yeni strategiyamızda bütün bu strateji hədəflərə çatmaq üçün 58 təşəbbüs və yüzlərlə layihə həyata keçirməyi nəzərdə tutmuşuq.

Sizə yeni strateji dövrdə uğurlar. Müsahibə üçün təşəkkür edirik!

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı