Son günlər üzərində möhür olan ABŞ dollarlarının banklar tərəfindən qəbul edilməməsi və yüksək komissiya tətbiq edilməsi ilə bağlı şikayətlər artıb. Mövzu sosial şəbəkələrdə geniş müzakirə olunub.
İddialara görə, bəzi filiallarda əməkdaşlar möhürlü əskinasları qəbul etməyərək müştəriləri yalnız mərkəzi filiallara yönləndirir. Orada isə hər 100 dollar üçün 20%-ə qədər komissiya tutulacağı bildirilir.
Ekspert: “Bank pulu ABŞ-a göndərib dəyişməli olur, bu isə əlavə xərcdir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, bankın komissiya tətbiq etməsinin əsas səbəbi həmin pulu yenidən satmaqda çətinlik çəkməsidir:
“Bank möhürlü pulu qəbul edəndə onu kiməsə satmalıdır. Ola bilər, bankın özündən də heç kim o pulu almır. Bu halda həmin əskinaslar ABŞ-a göndərilməli olur. Nəqliyyat, təhlükəsizlik, inkassasiya – bütün bunlar bank üçün əlavə xərc yaradır. Buna görə bank əskinası ucuz alır ki, ehtiyac olarsa, ABŞ-a göndərib dəyişə bilsin”.
Ekspertin sözlərinə görə, qanun bu praktikaya qadağa qoymur, lakin proses müştəridə narazılıq doğura bilər.
“Bank dünən satdığı dolları bu gün qüsurlu adlandırırsa, bu etimada zərbədir”
Bu məsələdə vətəndaşların haqlı sualı yaranır: Müştərinin aldığı dolları banka qüsursuz satan kim idi?
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli qeyd edir ki, ABŞ dolları beynəlxalq səviyyədə qəbul edilən valyutadır, lakin əskinas üzərindəki qeyri-rəsmi möhürlər onu “şübhəli mənşəli” göstərə bilər:
“Xarici banklar, o cümlədən ABŞ bankları üzərində müəmmalı möhür olan dolları riskli kimi qiymətləndirir. Belə əskinas dövriyyəyə buraxılmadan əvvəl inkassasiya yolu ilə ABŞ-a göndərilib yenisi ilə əvəzlənməlidir. Bu da bank üçün əlavə xərclər yaradır. Qanuni qadağa yoxdur, lakin banklar risqdən qaçır”.
O əlavə edir ki, bankın dünən müştəriyə satdığı dolları bu gün “qüsurlu” adlandırması düzgün deyil və bu yanaşma bank–müştəri etimadına ciddi zərbə vurur.
20% komissiya nə qədər əsaslıdır?
Akif Nəsirli bildirir ki, möhürlü dollar üçün 20% komissiya real xərclərlə uyğun gəlmir:
“Dünya təcrübəsində belə əskinasların dəyişdirilməsi 1–5% arasında dəyişir. 20% çox yüksəkdir və bazar standartlarına uyğun deyil. Bu, daha çox müştərini cəzalandırma təsiri bağışlayır”.
Ekspert hesab edir ki, bu cür hallarda istehlakçı hüquqları pozula bilər. Çünki müştəriyə əvvəlcədən belə bir komissiyanın olduğu barədə məlumat verilmir.
Banklar komissiya barədə əvvəlcədən məlumat verməlidir
Azərbaycan qanunvericiliyinə əsasən, banklar xidmət haqlarını müştəriyə qabaqcadan açıqlamalıdır. Əgər müştəriyə 20% komissiya barədə əvvəlcədən xəbərdarlıq edilməyibsə, bu, artıq mübahisə mövzusudur.
Ekspert buna görə vətəndaşlara aşağıdakı addımları tövsiyə edir:
-
Bankdan yazılı əsaslandırma tələb etmək
-
Komissiyanın hansı xərclərə görə tutulduğunu rəsmi şəkildə soruşmaq
-
Eyni əskinasla bağlı müxtəlif banklara sorğu göndərmək
-
Lazım gəldikdə Mərkəzi Banka şikayət etmək
Nəsirlini sözlərinə görə, belə halların qarşısını almaq üçün vətəndaşlar xarici valyuta alarkən əskinasın üzərində möhür və zədə olub-olmadığını mütləq yoxlamalıdırlar.