Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklara kapitalını Bazel III standartlarına uyğunlaşdırmaq üçün 1 il vaxt verib. Qurumun 16 dekabr tarixli qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişiklik edilib. Yeni tələblərə 1 yanvar 2027-ci ildən etibarən tam riayət olunmalıdır.
Bununla bağlı yaranan əsas suallardan biri də tələblərə uyğunlaşmayan bankları hansı risklərin gözlədiyidir.
Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, Mərkəzi Bankın pul-kredit siyasətinin əsas istiqamətlərindən biri məhz Bazel standartlarının tətbiqidir.
Onun sözlərinə görə, Bazel standartları banklarda korporativ idarəetmənin formalaşması, bank sisteminin sağlamlaşdırılması və gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Azərbaycan Bazel III standartlarına keçidlə bağlı artıq qərar qəbul edib və bankların bu tələblərə uyğunlaşdırılması vacibdir. Bu, bank xidmətlərinin çeşidinin artırılması, korporativ idarəetmənin gücləndirilməsi və informasiya açıqlamalarının genişləndirilməsi baxımından önəmlidir.”
İqtisadçı vurğulayıb ki, Bazel III prinsipləri bank menecmentinə birbaşa təsir göstərən əsas qaydalardandır və bank sektorunun dayanıqlığının artırılmasına xidmət edir. Bu isə bankların daha səmərəli fəaliyyətinə şərait yaradır.
V.Bayramov əlavə edib ki, bankların dayanıqlılığının güclənməsi növbəti mərhələdə kredit faizlərinin aşağı düşməsinə səbəb ola bilər:
“Əsas məqsədlərdən biri bank kreditləri üzrə faizlərin azaldılması və problemli kreditlərin həcminin minimuma endirilməsidir.”