“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Beynəlxalq əmək standartları” mövzusunda konfrans öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin ölkəmizdə əmək sahəsində də mütərəqqi beynəlxalq yanaşmalara uyğun islahatların uğurla davam etdirilməsinə imkan verdiyini vurğulayıb. O, 2019-cu ilin sosial sahədə inqilabi addımların atıldığı bir il olduğunu qeyd edərək, dövlət başçısının cari ildə təqdim etdiyi iki sosial paket nəticəsindəAzərbaycanda minimum əməkhaqqının iki dəfəyə yaxın artırıldığını deyib. Qeyd edib ki, bununla da cari il sentyabrın 1-dən ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələyəcək. Dövlət büdcəsindən maliyyələşən bütün sahələrdə çalışan işçilərin vəzifə maaşları da sentyabrın 1-dən əhəmiyyətli dərəcədə artırılacaq. Bütün bunlar əhalinin rifahına ciddi dəstək olmaqla, təbii ki, əmək bazarında müsbət meyillərin sürətlənməsinə, əmək münaisbətlərində leqallaşmaya, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir edir. Bu il müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb.

Nazir müavini BƏT-lə birgə icra olunan “Azərbaycan Respublikasının 2016 – 2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində aparılan işlərin müsbət nəticələrini, BƏT-in dəstəyi ilə yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əmək, məşğulluq, sosial müdafiə sahələrində uğurlu islahatlar proqramının həyata keçirilməsində önəmli rolunu diqqətə çatdırıb.  A.Əliyev ölkəmizdə əmək sahəsində BƏT Konvensiyalarına, beynəlxalq əmək standartlarına uyğun islahatların ardıcıl xarakter aldığını, hazırkı konfransın beynəlxalq əmək standartları, onların tətbiqi məsələlərinin müzakirəsinə həsr edildiyini deyib.

İki gün davam edəcək konfransda sessiyalar çərçivəsində L.Sibbel tərəfindən beynəlxalq əmək standartlarına dair təqdimat ediləcək və həmin standartların rolu üzrə sosial tərəfdaşlarla birgə panel müzakirələr aparılacaq. Həmçinin tədbirin gündəliyinə BƏT-in eksperti Aleksandr Yafayevin  “Məcburi əmək və uşaq əməyi üzrə beynəlxalq əmək standartları”, L.Sibbelin “Ayrı-seçkilik və bərabərlik üzrə beynəlxalq əmək standartları” mövzularında təqdimatları, “Beynəlxalq əmək standartlarının tətbiqi vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması” və “Beynəlxalq əmək standartlarının tətbiqi vasitəsilə qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin asanlaşdırılması” mövzularında müzakirələrin aparılması daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır