Beynəlxalq aviaşirkət uçuşları təxirə salıb

Böyük Britaniyanın beynəlxalq hava yolu şirkəti “British Airways” pilotların ani tətil qərarından sonra 1700 uçuşu təxirə salmaq məcburiyyətində qalıb. Aviaşirkət tarixində ilk dəfə baş verən bu işçi tətili nəticəsində ləğv edilən uçuşlar əsasən London və Gatwick hava limanlarına və həmin hava limanlarından xaricə planlaşdırılan uçuşlar olub.

“Reuters” xəbər agentliyindən yayılan məlumata görə, Britaniya Aviaşirkətləri Pilotları Assosiasiyası (BALPA) tərəfindən əsası qoyulan bu tətil aksiyalarının əsas səbəbi kimi, “BA” aviaşirkətinin son dövrlərdə gəlirlərinin kəskin artması, lakin bununla belə pilotların əmək haqqlarında artım müşahidə olunmaması göstərilir.

“BA” tərəfindən irəli sürülən və üç il ərzində pilotların maaşlarının 11.5 % artırılmasını özündə əks etdirən təklif “BALPA” tərəfindən rədd edilib. Beləliklə, pilotların tətil aksiyasına son qoyulmadığından aviaşirkət uçuşları ləğv etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, baş verən bu tətillər nəticəsində aviaşirkətin mənsub olduğu Beynəlxalq Aviaşirkətlər Qrupunun (IAG) səhm dəyəri 2% azalıb. Bununla yanaşı, aviaşirkət uçuşları təxirə salınan müştərilərinə kompensasiya ödəməli və alternativ həll yolları təklif etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır