“Beynəlxalq Bank 2018-ci ili mənfəətlə başa vuracaq”

Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası planı xarici kreditorlar tərəfindən qəbul edildikdən sonra Moody’s beynəlxalq reytinq agentliyi bankın reytinqlərinə yenidən baxaraq bəzi reytinqləri yüksəldib.

Moody’s ekspertlərinin rəyinə görə, problemli aktivlərin transferi bu ilin sonuna qədər başa çatacaq. Nəticədə, Bankın birinci dərəcəli kapitalının 13% ətrafında olması ehtimal edilir. Agentlik bankın 2018-ci ili mənfəətlə başa vuracağını gözləyir. Mənfəətlilik səviyyəsi, ölkənin makroiqtisadi durumundan da çox asılı olacaq.

Moody’s Azərbaycan hökumətinin böyük ehtimalla banka dəstəyi davam etdirəcəyini gözləyir. Bu gözlənti bankın səhmlərinin 95%-nin dövlətə məxsus olması, ABB-nin ölkənin ən böyük bankı olması və bank bazarındakı aktivlərin əhəmiyyətli hissəsini bölüşməsi kimi amillərlə əsaslandırılıb. Eyni zamanda, hökumətin bankda vəsait yerləşdirmiş əmanətçilərə və digər müştərilərə dəstək verdiyi xüsusi qeyd edilib. Belə ki, öhdəliklərin restrukturizasiyası prosesinin ABB-də depoziti olan müştərilərə heç bir təsiri olmayıb.

Rəydə o da göstərilib ki, restrukturizasiya planı başa çatdıqdan sonra Moody’s reytinqlərə yenidən baxacaq və gələcək durumuna uyğun olaraq bankın reytinqlərini yüksəldəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır