Beynəlxalq Bank Şurası pandemiyada iqtisadiyyata dəstək tədbirlərini müzakirə edib

28 may 2020-ci il tarixində, MDB, Mərkəzi və Şərqi Avropanın Bank Assosiasiyaları Beynəlxalq Koordinasiya Şurasının (Beynəlxalq Bank Şurası -BBŞ) “Pandemiyanın nəticələrini aradan qaldırmaq istiqamətində banklar və bank birlikləri tərəfindən iqtisadiyyata və əhaliyə dəstək tədbirlərinin həyata keçirilməsi” mövzusunda videokonfrans formatında növbəti iclası keçirilmişdir.

İclasda Rusiya, Özbəkistan, Serbiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Azərbaycan Banklar Assosiasiyalarının rəhbər şəxsləri, o cümlədən Mərkəzi və Şərqi Avropa (BACEE), Polşa Banklar Assosiasiyası, Monteneqro Banklar Birliyi, habelə Rusiya Sənayeçi və Sahibkarlar Birliyinin, Avrasiya İnkişaf Bankının, “Milli Ödəniş Şurası” qeyri-kommersiya tərəfdaşlığı, Avrasiya İqtisadi Komissiyasının nümayyəndələri iştirak etmişlər.

İclasda Azərbaycan Banklar Assosiasiyasının(ABA) İcraçı Direktoru Yunus Abdulov çıxış etmişdir. Çıxışında Abdulov ölkədə bank sektorunun cari vəziyyəti, pandemiya ilə mübarizə ilə əlaqədər görülən tədbirlər barədə məlumat vermişdir.

Xatırladaq ki, ABA 2007-ci il sentyabrın 6-da MDB, Mərkəzi və Şərqi Avropanın bank assosiasiyalarının Beynəlxalq Koordinasiya Şurasının (Beynəlxalq Bank Şurasının) tərkibinə qəbul edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır