Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Bakıda keçirilir

Bu gün  Bakı şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb.

İki gün davam edəcək iclasda BNF-nin üzvü olan ölkələrdən 100-ə yaxın nümayəndə iştirak edir. Sessiya gündəlikdə qoyulan məsələlər üzrə forumun qəbul etdiyi Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəziyyəti, beynəlxalq avtomobil daşımalarının daha da inkişaf etdirilməsi üçün önəmli layihələrin, Avropa yükdaşımaları bazarının tədqiqi və inkişafı perspektivləri mövzularına, həmçinin “Bakı sessiyası”na qədər keçirilən iclaslarda qəbul edilən qərarların müzakirəsinə həsr olunub.

Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir, nəqliyyat sektoru, o cümlədən avtomobil nəqliyyatı üzrə fəaliyyət genişləndirilir.

“Təsadüfi deyil ki, Azərbaycan Respublikası bu gün etibarlı tərəfdaş kimi geniş beynəlxalq əməkdaşlığa cəlb olunub və bir sıra iri regional nəqliyyat layihələrinin reallaşdırılmasında fəal iştirak edir. Nəqliyyat sahəsinin inkişafı sayəsində ölkəmiz regionun ən böyük tranzit, logistika mərkəzinə və mühüm nəqliyyat qovşağına çevrilir. Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri tamamilə yenidən qurulub və Avropa standartları səviyyəsinə gətirilib” – deyə nazir vurğulayıb.

Ramin Quluzadə çıxışında beynəlxalq avtomobil daşımalarının tənzimlənməsi sahəsində görülmüş işlər barədə geniş məlumat verib.

Nazir eyni zamanda Keyfiyyət Xartiyasının tələblərinin icra vəziyyəti və nəzərdə tutulan tədbirlər planından danışıb.

Reqlamentə uyğun olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Keyfiyyət Xartiyasının tələblərinin icrasına dair son vəziyyətlə bağlı məruzə ilə çıxış edib.

Beynəlxalq Nəqliyyat Forumunun əsas məqsədləri foruma üzv ölkələrin beynəlxalq nəqliyyatının effektiv istifadəsi və səmərəli inkişafı üçün tədbirlərin müəyyən edilməsi, üzv ölkələrin milli orqanlarının beynəlxalq nəqliyyat sahəsindəki fəaliyyəti nəzərə alınmaqla beynəlxalq daşımalarla məşğul olan bütün iştirakçıların fəaliyyətinin əlaqələndirilməsi və gücləndirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır