İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi beynəlxalq səviyyəli mütəxəssisi işə cəlb edib: Lukas Tzitzis beynəlxalq biznesin inkişafı üzrə rəhbər vəzifəyə təyin edilib.
İnformasiya, telekommunikasiya və tibbi texnologiyalar sahəsində yüksək təcrübəyə malik Lukas Tzitzis beynəlxalq şirkətlərdə əsas vəzifələrdə çalışıb, bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Onun idarəetmə təcrübəsi Böyük Britaniya, İsrail, Avstriya, Rumıniya, Estoniya, Avstraliya, Sinqapur, Yeni Zellandiya, eləcə də Mərkəzi və Şərqi Avropa, Avrasiya ölkələrində biznes əməliyyatlarını, İKT məhsullarının təchizatçılarını və sistem inteqratorlarını əhatə edir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin beynəlxalq biznesin inkişafı üzrə rəhbəri kimi L.Tzitzisin ən mühüm vəzifələri arasında Azərbaycanda relokasiya və texnopark layihələrinin təşviqi, eləcə də xarici şirkətlərin yerli İKT ekosisteminə cəlb edilməsi sahəsində strategiyanın gücləndirilməsi və modernləşdirilməsi dayanır.
İRİA-nın sədr əvəzi İnarə Vəliyeva yeni təyinatla bağlı fikrini bildirib:
“Lukasın İKT sahəsində öz zəngin təcrübəsi, regional, eləcə də qlobal mühitdə strateji bilik və bacarıqları ilə komandamıza dəyər qatacağına və Azərbaycanın təqdim etdiyi biznes fürsətləri, güzəştləri ilə bağlı qlobal bazarda məlumatlılığı artıracağına inanıram”
Lukas Tzitzis öz təyinatını belə şərh edib:
“İlk növbədə, Agentliyin komandasına qoşulmaq və onlarla birlikdə ölkədə texnoloji tərəqqinin gələcəyinə təsir göstərmək mənim üçün böyük şərəfdir.Hökumətin bu sahəyə olan yüksək marağı və yanaşması ilə bərabər, Azərbaycanda yükək həyat səviyyəsi və multikultural dəyərlər var ki, bu da beynəlxalq səviyyəli xarici mütəxəssislər üçün çox cəlbedicidir. İKT sahəsində perspektivlərə gəldikdə isə, Azərbaycan texnoloji sənayenin regional mərkəzinə çevrilmək üçün bütün imkanlara malikdir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin komandası ilə birlikdə ölkənin İKT ekosistemində biznesin və innovasiyaların inkişafı üçün bütün lazımi tədbirləri görəcəyik”.