Azərbaycanda ilk dəfə keçiriləcək Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın (ICCD) rəsmi internet səhifəsi (cyberdiplomacy.gov.az) istifadəyə verilib. Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniya Respublikasının Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Qeyd edək ki, tədbirin əsas tərəfdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.
Saytda Konfrans haqqında ümumi məlumat, təşkilatçılar, məruzəçilər, və Konfransın gündəliyi kimi bölmələr yer alıb. Eləcə də, saytda tədbirdə iştirak etmək üçün qeydiyyat bölməsi yaradılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış memorandum çərçivəsində aparılan əməkdaşlıq nəticəsində Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın keçirilməsi və regional təmsilçiliyi eksklüziv olaraq Azərbaycana verilib. Diplomatik nümayəndələrin, bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlərin, o cümlədən sahə üzrə qlobal aktorların Azərbaycanda diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün bir araya gələcəklər.
Tədbir cari ilin 25 sentyabr tarixində “Fairmont Baku” otelində baş tutacaq.
Məlumat üçün qeyd edək ki, ICCD ilə paralel olaraq, eyni ərəfədə ölkəmizdə “ADEX 2024” 5-ci Yubiley Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.