Beynəlxalq Valyuta Fondunun (BVF) Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı üzrə virtual missiyası çərçivəsində 20 oktyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və onun nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun nümayəndələri ilə görüş keçirilmişdir.
Görüş Dünya Bankının missiya rəhbəri Tatyana Alonso Qispertin açılış nitqi ilə başlamışdır.
Görüşdə çıxışı zamanı ABA-nın icraçı direktoru Yunus Abdulov əvvəlcə bank sektorundakı cari vəziyyət, bu sahədə ABA-nın rolu və təşəbbüsləri barədə məlumat vermişdir.
İclasda “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov çıxış edərək ödəniş ekosistemi və rəqəmsal ödənişlər sahəsində həyata keçirilən islahatlar, ABA-nın rəqəmsal ödənişlər sahəsində yerli və beynəlxalq maliyyə institutları ilə birgə həyata keçirdiyi təşəbbüsləri haqqında məlumat vermişdir.
Qarşılıqlı müzakirələr və fikir mübadiləsi əsasında keçən görüşdə ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvü Zakir Xanməmmədov və “Risklərin İdarə Edilməsi” üzrə Ekspert Qrupunun üzvü Tural Həsənov tərəfindən bankların rəqəmsal ödənişlər sahəsində təqdim etdiyi innovativ məhsul və xidmətlərə toxunularaq, müxtəlif ödəniş vasitələrindən istifadə imkanları açıqlanmışdır.