“The Economist” jurnalının dərc etdiyi “Big Mac” indeksinin son məlumatlarına görə, Azərbaycan manatı ABŞ dollarına qarşı hələ də ciddi dərəcədə ucuz qiymətləndirilmiş hesab olunur.
2026-cı ilin yanvarında Azərbaycanda bir “Big Mac” burgerinin qiyməti 6,65 manat, ABŞ-da isə 6,12 dollar olub. Bu qiymətlər əsasında hesablanan nəzəri məzənnə 1,09 manat təşkil edir. Faktiki məzənnə isə 1,70 manat olduğundan, indeks manatın təxminən 36,2 % dəyərindən ucuz qiymətləndirildiyini göstərir.
Bununla belə, son tendensiya manatın bu indeksə görə ucuz qiymətləndirilməsi göstəricisinin tədricən azaldığını göstərir. Müqayisə üçün, 2025-ci ilin iyulunda Azərbaycanda “Big Mac”in qiyməti 6,46 manat, ABŞ-da isə 6,01 dollar idi. Həmin dövrdə nəzəri məzənnə 1,07 manat hesablanmış və manatın 36,8 % ucuz qiymətləndirildiyi müəyyən edilmişdi.
2025-ci ilin yanvarında isə Azərbaycanda “Big Mac” burgerinin qiyməti 6,24 manat, ABŞ-da isə 5,79 dollar olub. Bu zaman nəzəri məzənnə 1,08 manat təşkil etmiş və manatın 36,6 % ucuz qiymətləndirildiyi göstərilmişdi.
Daha əvvəl – 2020-ci ilin yanvarında Azərbaycanda “Big Mac”in qiyməti 3,95 manat, ABŞ-da isə 4,82 dollar olub. Bu qiymətlər əsasında hesablanan nəzəri məzənnə 0,82 manat təşkil edib. Həmin dövrdə faktiki 1,70 manatlıq məzənnə ilə müqayisədə manatın təxminən 51,7 % ucuz qiymətləndirildiyi qeyd olunurdu.
İndeksə görə, valyutalar arasında ən çox ucuz qiymətləndirilən 55,3 % ilə Cənubi Afrika randı, ən çox bahalı qiymətləndirilən isə 39,3 % ilə İsveçrə frankıdır.
Qeyd edək ki, “Big Mac” dünyaca məşhur fəst-fud burgeridir və “McDonald’s” tərəfindən satılır. İlk dəfə 1967-ci ildə ABŞ-da təqdim olunub və hazırda dünyanın bir çox ölkəsində eyni reseptlə hazırlanır.
1986-cı ildə “The Economist” tərəfindən yaradılan “Big Mac Index” müxtəlif ölkələrdə eyni məhsulun qiymətini müqayisə edərək valyutaların real dəyərini ölçmək üçün istifadə olunur və iqtisadi analizlərdə geniş tətbiq edilir.