Qlobal maliyyə bazarlarında sərt aktivlərə (hard assets) bağlı seqmentlərdə müşahidə olunan yüksəliş 2026-cı ildə yeni bir əmtəə “supertsikli”nin formalaşdığına dair siqnallar yaradır. Analitiklərin fikrincə, geosiyasi gərginliklər, xüsusilə ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatlardan sonra neft, qızıl və gümüş kimi aktivlər investorlar üçün yenidən əsas diqqət mərkəzinə çevrilib.
MarketWatch-un təhlilinə görə, S&P 500 indeksində materiallar və enerji sektoruna aid səhmlər ilin əvvəlindən etibarən müvafiq olaraq 6,4% və 4,3% artım göstərib. Bu dinamika əmtəə bazarlarında daha uzunmüddətli yüksəliş mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
Bir sıra bazar strategləri bildirirlər ki, real aktivlər:
dəyərini zamanla qoruyur,
bazar dalğalanmalarına qarşı daha davamlıdır,
inflyasiyaya qarşı təhlükəsiz sığınacaq rolunu oynayır.
Bu amillər fonunda qızıl 2026-cı ilin yanvarında təxminən 3,7%, gümüş isə 12,4% bahalaşıb. Xatırladaq ki, 2025-ci ildə qızılın qiyməti 64%, gümüşün qiyməti isə 141% artım göstərmişdi.
Market iştirakçıları hesab edir ki, ABŞ prezidenti Donald Trump administrasiyasının Venesuelada atdığı addımlar enerji bazarlarında təklif risklərini artırıb və bu da neftlə yanaşı, qiymətli metallara marağı gücləndirib. Eyni zamanda ABŞ dollar indeksinin zəifləməsi də əmtəə bazarlarını dəstəkləyən əlavə faktor kimi göstərilir.
Analitiklərin qənaətinə görə, əgər geosiyasi risklər davam edərsə və inflyasiya gözləntiləri yüksək səviyyədə qalarsa, 2026–2027-ci illər əmtəə bazarları üçün uzunmüddətli yüksəliş dövrü – yəni “supertsikl” mərhələsi ilə yadda qala bilər
Səhmlər və indekslər vasitəsilə verilən siqnallar göstərir ki, investorlar tədricən texnoloji və maliyyə aktivlərindən neft, metallar və digər real əmtəələrə yönəlir. Bu tendensiya qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində bazarların yeni balans axtarışının göstəricisi kimi dəyərləndirilir.