ƏƏSMN Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı təsis olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təsis yığıncağı keçirilib.

BBN.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, yığıncağa sədrlik edən ƏƏSMN-nin Aparatının rəhbəri v.i.e. Anar Əliyev bildirib ki, nazirliyin Aparatının şöbələrinin, nazirlik yanında iki xidmət aparatının və onların tabeçiliyində olan üç təşkilatın 735 nəfər həmkarlar təşkilatı üzvü, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun,Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Bakı şəhərindəki bir sıra reabilitasiya müəssisələrinin 1195 həmkarlar ittifaqı üzvü bir həmkarlar təşkilatında birləşmək barədə təklifi irəli sürüblər. Hazırkı toplantı da bu təkliflə əlaqədar nazirliyin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təsis olunması məsələlərinə həsr olunub.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Aparatının rəhbəri Şaiq Əhmədov qeyd olunan təklifə Komitənin münasibətini ifadə edərək, təklifə əsasən ƏƏSMN-nin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təsis olunmasının məqsədəuyğun olduğunu qeyd edib.

Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Əsgər oğlu Əzizov ƏƏSMN-nin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının Komitəsinin sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır