Biznes islahatları mövzusunda vebinar keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə sahibkarlar və startaplara “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı və vergitutma sahələrində aparılmış islahatlar” mövzusunda onlayn vebinar keçirilib. Onlayn görüşdə Dövlət Vergi Xidməti tərəfindən tətbiq edilən elektron məhsulların inzibatçılığın sadələşdirilməsinə, vergi ödəyicilərinin keyfiyyətli elektron xidmətlərlə təmin edilməsinə və ölkəmizdə qlobal rəqəmsal çağırışlara adekvat həyata keçirilməsinə əhəmiyyətli təkan verdiyi vurğulanıb. 

Bildirilib ki, hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron qaydada aparılır. 2019-cu ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatı (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla həyata keçirilir. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə qədər azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı isə sıfıra endirilib. Hazırda yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 90 faizdən çoxdur. Aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir edib və  hazırda “Doing Business 2020” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. 

Ölkəmizin “Doing Business” hesabatlarında irəli getməsinə və sahibkarların işinin asalnaşdırılmasına təkan verən  xidmətlərdən biri  “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət  sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin yaradılması oldu. Vergi ödəyicilərinin inzibati yükünün, o cümlədən təqdim etdikləri hesabatların sayının azaldılması və vaxtına qənaət edilməsi məqsədilə Dövlət Vergi Xidməti tərəfindən 3 müxtəlif bəyannamə forması – “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük  hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta haqqı üzrə hesabat” formaları birləşdirilərək cari ildən yeni vahid bəyannamə formasında tətbiq edilir.

Sahibkarlarla onlayn görüşdə qeyd edilib ki, Azərbaycanda elektron hökumət quruculuğunun davam etdirilməsi və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrdən biri də ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı “Vahid elektron lövhə”nin yaradılmasıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Nazirliyinin birgə yaratdığı “Vahid elektron lövhə” layihəsi vergi ödəyiciləri tərəfindən ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı müraciətlərin icra vəziyyətinə real vaxt rejimində nəzarət olunmasına xidmət edir. “Vahid elektron lövhə” vergi ödəyicilərinə hər bir mərhələ üzrə qalıq günlərin, gecikdirilmiş günlərin və vaxtından əvvəl icra edilmiş günlərin sayı və s. barədə daha detallı məlumat əldə etmək imkanı verəcək. Eyni zamanda bu lahiyənin gələcək tətbiqi artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması prosessinin şəffaflaşdırılmasına və vergi ödəyicisi ilə əlavə yazışmaların aradan qaldırılmasına xidmət edəcək.

Görüşün sonunda sahibkarları maraqlandıran suallara cavab verilib. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı