Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) mart-may aylarını əhatə edən üç aylıq əmək bazarı məlumatlarını açıqlayıb.
BBN.az xəbər verir ki, Statistikaya əsasən, sözügedən dövrdə ölkədə işsizlik səviyyəsi 4,7 faiz təşkil edib ki, bu da son dörd ilin ən yüksək göstəricisi hesab olunur.
Qeyd olunan göstərici 4,6 faiz səviyyəsində olan bazar gözləntilərini üstələyib və rüblük müqayisədə 0,2 faiz bəndi artım nümayiş etdirib. Beləliklə, işsizlik səviyyəsi 2021-ci ilin aprel-iyun dövründən bəri ən yüksək həddə çatıb.
Mövzuya münasibət bildirən Deutsche Bank UK-nin baş iqtisadçısı Sanjay Raja əmək bazarında tənəzzül tendensiyasının davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, ölkədə əmək haqqı ilə məşğulluq səviyyəsində azalma müşahidə edilir, işə qəbul prosesləri isə demək olar ki, tam şəkildə dayanıb. O əlavə edib ki, əmək bazarında tələbin zəifliyi fonunda işsizliyin artım meyli gələcək dövrlərdə də davam edə bilər.
Sanjay Raja, həmçinin qeyd edib ki, “Bununla belə, biz hesab edirik ki, artım kəskin deyil, daha çox mərhələli və tədrici şəkildə baş verəcək. İnflyasiya təzyiqlərinin davam etməsinə baxmayaraq, əmək bazarındakı zəifləmə İngiltərə Bankına sərt monetar siyasətdən mərhələli şəkildə geri çəkilmək üçün əsas yarada bilər. Hazırkı mərhələdə ehtiyatlı və ölçülü yanaşma daha məqsədəuyğun görünür. Bununla belə, faiz dərəcələrinin sürətli şəkildə endirilməsi üçün tələb olunan makroiqtisadi şərtlərin hələ formalaşmadığını düşünürük.”