Bu il manatın məzənnəsi necə olacaq?

Ötən gün Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuata açıqlama verərək bildirib ki, manat ilin sonuna kimi sabit qalacaq. Baş bankir bununla ölkədə növbəti devalvasiyanın gözlənilmədiyini diqqətə çatdırıb.

İqtisadçılar isə bunun tam əksini düşünürlər.

Ekspert Vüqar Bayramov Elman Rüstəmovun fikirlərinə münasibət bildirərək,  manatla bağlı proqnozun bir ili əhatə etməsinin mümkünsüz olduğunu bildirib.

“Banklar üçün il ərzində milli valyutanın məzənnəsinin necə dəyişəcəyini görmək və müəyyənləşdirmək çox önəmlidir. Əgər kommersiya banklarının manatla kreditləşməsinin həcmini artırmaqda maraqlıyıqsa, o zaman bir illk proqnozun verilməsinə ehtiyac var”.

Ekspert hesab edir ki, Mərkəzi Bank sədrinin “manatın məzənnəsinin dəyişməyəcəyi” haqda açıqlaması bəzən əks mənzərə ilə müşahidə olunur:

“Mərkəzi Bankın hər proqnozundan sonra manatın məzənnəsinin dəyişməsini müşahidə olundu. Odur ki, bu proqnozun özünü doğruldub-doğrultmayacağını müəyyənləşdirmək çox çətindir. Ən azından iki dəfə Mərkəzi Bank devalvasiyanın olmayacağı və manatın stabilliyinin pozulması ilə bağlı risklərin olmadığını bildirmişdi. Amma devalvasiya baş verdi. Ona görə də dünən verilən proqnozun reallıqda doğru olub-olmadığını söyləmək çətindir. Mərkəzi Bank inzibati olaraq prosesə təsir edir. Manatın növbəti devalvasiyası bazarın hansı səviyyədə liberallaşmasından asılı olacaq. Əgər Mərkəzi Bank inzibati resurslarını qoruyub saxlayacaqsa, o zaman məzənnəni indiki səviyyədə saxlamaq mümkün olacaq. Yox, əgər Mərkəzi Bank bazarı liberallaşdıracaqsa, onda məzənnəni ilin sonuna qədər qoruyub saxlamaq mümkün olmayacaq”.

Azərbaycanda dollarlaşmanın sürətlə getdiyini deyən Vüqar Bayramovun fikrincə, əhalinin gəlirlərini dollara çevirməsi manata təklifi azaldıb:

“Vətəndaşlar milli valyutada olan əmanətlərini yüksək məzənnə ilə dollara çevirdilər. Bu gün bazarda dollara təklif var. Manat bazası son iki ildə 2 dəfə aşağı düşüb. Söz yox ki, bu da manat təklifinə təsir göstərir. Odur ki, Mərkəzi Bank imkan verməlidir ki, manat bazası genişlənsin və inzibati yolla məzənnənin qorunmasına gətirib çıxatmasın. Bu baxımdan Mərkəzi Bank inzibati alətlərdən istifadə etməklə yalnız manatın məzənnəsini qoruyub saxlamamlıdır. Manatın bazası artarsa və liberal üzən məzənnəyə keçilərsə, o zaman Mərkəzi Bankın milli valyutanın sabit qalacağı ilə bağlı proqnozunun reallaşması kifayət qədər çətin olacaq”-deyə iqtidaçı bildirib.

Mənbə: AzVision.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır