Bu il sahibkarlara 78,3 milyon manat güzəştli kredit verilib

Avqustun 4-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunun Qaratəpə kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan 55 sahibkara 833 min manat güzəştli kredit verilib. Verilmiş kreditlərin əsasən, heyvandarlıq, pambıqçılıq, taxılçılıq, balıqçılıq, meyvə şirələrinin istehsalı sahələrinin inkişafına yönəldiləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2016-cı ilin ötən dövrü ərzində 1 460 sahibkara 78,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 488 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır