Bu layihə ölkəyə ildə 400 mln. dollar gətirəcək

Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən ümumi investisiya dəyəri 750 mln. dollar olan “SOCAR Polymer” layihəsinə bugünə qədər 325 mln. dollar investisiya yatırılıb.

Bunu “SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov Prezident İlham Əliyevin sentyabrın 27-də Sumqayıt şəhərinə səfəri çərçivəsində keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, bu məbləğin 197 mln. dollarını kredit, 128 mln. dollarını isə səhmdar kapitaldan ayırmalara təşkil edib: “Bu günə qədər “SOCAR Polymer” layihəsinin icrası qrafikə uyğun və təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirilir. Xüsusi olaraq vurğulamaq istərdik ki, bu layihə Azərbaycanın dövlət və özəl sektorlarının uğurlu əməkdaşlığı əsasında icra olunur və özəl sektorun investisiyaları ölkənin uzunmüddətli sənaye layihəsinə yatırılır. Layihəyə cəlb olunmuş yerli səhmdarlarla işbirliyi güclü müsbət təsir göstərir,” – deyə F.Cəfərov vurğulayıb.

“SOCAR Polymer” MMC-nin direktoru qeyd edib ki, polipropilen (PP) zavodunun sınaq işlərinin aparılması gələn ilin noyabrına və istismara verilməsi isə 2018-ci ilin fevralına planlaşdırılır, Yüksək Sıxlıqlı Polietilen (YSPE) zavodunun istismara verilməsi isə 2018-ci ilin avqustuna nəzərdə tutulur: “Bu zavodların ümumi istehsal gücü ildə 300 min ton təşkil edəcək.”

O bildirib ki, zavodların istehsalı əsasən ixracyönümlü olacaq və müəssisənin fəaliyyəti nəticəsində ölkəyə ildə təqribən 400 mln. dollar həcmində valyuta axını təmin olunacaq.

Mənbə: report.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır