Cari ilin fevralında Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə 2023-cü ildə təkmilləşdirmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin təqdimatı olub. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev həmin Yol Xəritəsinin əsas parametrləri və komponentləri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Cəfər müəllim, Dünya Bankı Qrupu yeni “Əlverişli Biznes Mühiti” layihəsini elan edib. Artıq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın xətti ilə ölkəmizdə biznesin funksionallığının təmin edilməsi, biznes mühiti ilə bağlı islahatların sürətləndirilməsi istiqamətində geniş fəaliyyətə başlanılıb. Bu prosesdə mühüm istiqamətlərdən biri də bazarda rəqabətin təmin olunması və rəqabətqabiliyyətliliyin artırılmasıdır. Əvvəlcə, qısaca olaraq, “Əlverişli Biznes Mühiti” layihəsinin bütövlükdə iqtisadiyyata, birbaşa olaraq isə sahibkarlıq subyektlərinə təsirindən danışmağınızı xahiş edirik. Bu layihə biznes üçün hansı yenilikləri vəd edir?
– Bildiyiniz kimi, “Əlverişli Biznes Mühiti” layihəsi özlüyündə bir dəyərləndirmə sistemi olmaqla, ölkə iqtisadiyyatının əsasını təşkil edən sahibkarlığın inkişafına yönələn layihədir. Layihə üzrə 10 indikator əsasında qiymətləndirmə aparılır. Bunlardan biri də “Bazar rəqabəti” indikatorudur. Bu indikatorlar üzrə yaradılan işçi qrupları tərəfindən artıq müvafiq sahələrin ilkin qiymətləndirilməsi, təhlili və diaqnostikası aparılıb, məhdudiyyətlər və təkmilləşdirmə imkanları müəyyən olunub, yol xəritələri və diaqnostika matrisaları tərtib edilib. Layihə sayəsində sadəcə mikro və kiçik sahibkarlığın deyil, bütövlükdə biznes mühitinin inkişafı prosesinin sürətlənməsi və bu sahədə zəruri islahatların aparılması təmin ediləcək. Görülən tədbirlər nəticəsində isə Azərbaycanın beynəlxalq reytinqlərdə göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksələcək.
– Cari ilin fevral ayında “Bazar rəqabəti” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirildi. Yol Xəritəsinin əsas parametrləri və komponentləri nədən ibarətdir?
– İşçi qrup tərəfindən tərtib edilən “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin əsas hədəfi azad, sağlam və dayanıqlı rəqabət mühitini formalaşdırmaq, qeyd olunan istiqamətdə hüquqi bazanı təkmilləşdirmək, özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qayda və təcrübələrin tətbiqini təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, rəqabətin təmin edilməsi sahəsində həyata keçiriləcək təşəbbüsləri, habelə gələcək fəaliyyətlər barəsində ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir. Bazar rəqabətinin səmərəliliyinin qiymətləndirilməsi üç əsas alt-indikator üzrə aparılacaq.
Bunlardan birincisi bazar rəqabətini təşviq edən qaydaların keyfiyyətidir. Bu istiqamətdə əsas diqqət göstəriləcək məsələlər rəqabət və dövlət satınalmaları üzrə qanunvericiliyin keyfiyyətinin yüksəldilməsidir.
Rəqabət qanunvericiliyi sahəsində işçi qrupunun nəzarət dairəsinə sövdələşmələrə (kartel) qarşı mübarizənin gücləndirilməsi, təsərrüfat subyektlərinin yenidən təşkili, habelə rəqabət sahəsi üzrə istehlakçı hüquqlarının müdafiəsi üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi daxildir. Eyni zamanda, mövcud Qanunda şəffaflıq və intizamlılıq səviyyəsini artıran, dövlət vəsaitindən səmərəli istifadəni təmin edən, sui-istifadə hallarını minimallaşdıran, nəzarət imkanlarını genişləndirən, satınalmaların tam elektronlaşmasına keçidi təmin edən “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin aidiyyəti üzrə təqdim olunması və qüvvəyə minməsi əsas hədəflərdən biridir.
İkinci indikator “Bazar rəqabətini təşviq edən dövlət xidmətlərinin adekvatlığı” kimi qeyd olunur. Bu indikator özündə institusional struktur və rəqabət qaydalarının icrasının keyfiyyəti və elektron satınalma platformalarında şəffaflıq və əməliyyat xüsusiyyətləri olmaqla iki əsas komponenti ehtiva edir.
Üçüncü indikator isə “Bazar rəqabətini təşviq edən əsas xidmətlərin həyata keçirilməsində səmərəlilik” indikatorudur. Səmərəliliyin təmin olunması istiqamətində müəyyən edilmiş komponentlər isə təsərrüfat subyektlərinin yenidən təşkili, dövlət satınalmasında proseslərin vaxt və xərc üzrə optimallaşdırılması, bazarın dinamikası və rəqabət davranışları istiqamətində beynəlxalq metodologiyanın tətbiqindən ibarətdir.
– Dünya sürətlə rəqəmsallaşır və müxtəlif dövlətlər rəqəmsallaşma prosesinin sosial və iqtisadi həyata daha sürətli inteqrasiyası üçün proqramlar hazırlayaraq tətbiq edir, vətəndaşlar isə rəqəmsal texnologiyalardan hər gün getdikcə daha çox istifadə edirlər. Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması, yeni xidmətlərin tətbiqi nəzərdə tutulurmu?
– Bəli, bu istiqamətdə də bir sıra addımlar atılıb və yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Artıq dövlət satınalmalarının elektron portalı hazırlanaraq istifadəyə verilib. Ötən ilin sonunda elektron satınalma portalında Mərkəzi Bankla inteqrasiya prosesi yekunlaşıb, cari il yanvarın 13-dən etibarən bank təminatlarının elektronlaşdırılması nəticəsində sahibkarların banka getmələrinə ehtiyac qalmayıb.
Bu inteqrasiya nəticəsində “etender.gov.az” portalında elektron satınalma müsabiqələri üzrə sahibkarlar tərəfindən tender təklifinin təminatının satınalan təşkilatlara yalnız elektron formada portal vasitəsilə təqdim edilməsi təmin olunub.
Əlavə olaraq, bu ilin sonunadək rəqabət sahəsində iş proseslərinin də rəqəmsallaşdırılması məqsədilə Rəqabət portalının istifadəyə verilməsi nəzərdə tutulub.
– Bütün bu dəyişikliklərin biznes dairələri ilə açıq müzakirəsi aparılacaqmı? İctimaiyyətin məlumatlandırılması hansı şəkildə həyata keçiriləcək?
– Öncə vurğulamaq istəyirəm ki, dövlət-biznes münasibətlərində dialoqun qurulması Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin daim diqqət mərkəzindədir.
Dövlət Xidmətinin fəaliyyət sahələri üzrə aidiyyəti qurumlar, təşkilatlar və sahibkarlıq subyektləri ilə, eyni zamanda, assosiasiyalar ilə mütəmadi görüşlər keçirilir, qarşılıqlı fikir mübadiləsi aparılır və onların proseslərdə iştirakları təmin edilir. Qeyd olunan məsələlərlə bağlı atılan bütün addımlar kütləvi informasiya vasitələri, həmçinin Dövlət Xidmətinin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə çatdırılır. Bundan əlavə, sahibkarlar, dövlət qurumlarının əməkdaşları və vətəndaşların iştirakı ilə maarifləndirici təlim, seminar və konfranslar təşkil edilir. Dövlət Xidməti tərəfindən atılan bu addımların dövlət-biznes münasibətlərinin və ölkədə sahibkarlıq mühitinin inkişafına müsbət təsir göstərəcəyinə inanıram.