Çin gələn həftə koronavirus səbəbindən bazarlarda müşahidə olunan volatilliyi aradan qaldırmaq, biznes kreditlərinin həcminin artırılmasını təşviq etmək və epidemiyanın təsirini normallaşdırmaq məqsədilə maliyyə sektoruna 550 milyard yuan (78 milyard dollar) məbləğində maliyyə vəsaiti buraxılışı həyata keçirəcək. Bu likvidlik inyeksiyası bazarın vəziyyətini stabilləşdirməyə dəstək olmaqla yanaşı, Çinin sənaye istehsalı və əsas kapitala investisiya kimi bir sıra makroiqtisadi göstəricilərinə müsbət təsir göstərəcək.
Həmçinin, Çin Xalq Respublikası tərəfindən təyin olunan kriteriyalara cavab verən banklar üçün ehtiyat ayırmaları tələbi (RRR) 0.5 bənd azaldılaraq 1% civarında qərarlaşdırılacaq. Ehtiyat ayırmaları tələbinin azaldılması bankların bizneslər üçün daha böyük məbləğdə kredit ayıra bilməsinə və beləliklə bank kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər.
İqtisadçı ekspertlər Çin Mərkəzi Bankının (PBOC) bizneslər üçün maliyyə əlçatanlığının artırılması məqsədilə daha bir neçə vasitələrə əl atacağı qənaətindədirlər. Ekspertlərin proqnozlarına görə, PBOC tərəfindən atılacaq növbəti addım uçot faiz dərəcəsinin 0.25 bənd azaldılması olacaq.
Məlumat üçün qeyd edək ki, Çinin digər bir dövlət bankı olan Çin İnkişaf Bankı (CDB) Çinin zəif inkişaf etmiş ərazilərində yoxsulluq səviyyəsinin azaldılması üçün 200 milyard yuan (28.57 milyard dollar) məbləğində maliyyə vəsaiti ayıracağını açıqlayıb. CDB tərəfindən 2020-ci il ərzində sözügedən məqsəd üçün artıq bu vaxta qədər 58.8 milyar yuan (8.4 milyard dollar) maliyyə vəsaiti ayrılıb.