Çinin 10 milyardlıq layihəsi dayandırıldı

Çin Xalq Respublikasının Tanzaniyada 2015-ci ildə tikintisinə başladığı “Bagamoyo” limanı layihəsi Tanzaniya hökuməti tərəfindən dayandırılıb. Şərqi Afrikadakı ən böyük liman olması planlaşdırılan bu layihənin ümumi dəyəri 10 milyard dollardır və bu layihə Çinin “Kəmər və Yol” təşəbbüsünün əsas hissələrindəndir.

Tanzaniya prezidenti John Magufuli bu barədə açıqlamasında bildirib ki, Çin tərəfinin bu layihənin icrası və reallaşması üçün qoyduğu şərtlər qəbuledilməzdir.

Şərtlərə görə, Tanzaniyanın Hind okeanı sahillərində yeni heç bir liman tikməsinə icazə verilmirdi və 99 il ərzində Çindən başqa heç bir dövlət bu limana yatırılan investisiyalara qarışa bilməzdi.

Qeyd edək ki, “Bagamoyo” limanının ümumilikdə 1700 hektarlıq ərazini əhatə etməsi və yerli “Dar əs Salam” limanından 20 dəfə çox yük qəbul etməsi planda idi.

Çin Xalq Respublikası tərəfindən isə bu barədə heç bir açıqlama verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır