Çinin Azərbaycana yönələn birbaşa xarici investisiyalarının (BXİ) həcmi 2025-ci ilin I yarısının sonuna 405 milyon ABŞ dolları təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) hesabatında qeyd olunub. Məlumata görə, 2017-ci ilin əvvəlində bu göstərici 259 milyon ABŞ dolları səviyyəsində olub.
Hesabatda bildirilir ki, Çinin Azərbaycana yatırdığı investisiyaların orta illik artım tempi 2016-cı ildə 4,8 %, 2022-ci ildən etibarən isə təxminən 9,7 % təşkil edib.
EDB-nin məlumatına əsasən, Çin investisiya portfelinin əsas hərəkətverici qüvvəsi emal sənayesidir. Bu sektor Çinin Azərbaycana yönələn BXİ-lərinin 88 %-ni təşkil edir. 2025-ci ilin birinci yarısının sonuna emal sənayesinə yatırılan investisiyaların həcmi 355 milyon ABŞ dollarına çatıb ki, bu da 2016-cı ilin göstəricisindən təxminən 40 dəfə çoxdur.
Bununla yanaşı, enerji sektorunda ümumi həcmi 50 milyon ABŞ dolları olan layihələr formalaşıb ki, bu da portfelin 12,3 %-ni təşkil edir. Belə ki, “Universal Energy” şirkəti Qobustan rayonunda “Universal Solar Azerbaijan” birgə müəssisəsi vasitəsilə 100 MVt gücündə günəş elektrik stansiyası tikir. Layihənin investisiya dəyəri 100 milyon ABŞ dolları olaraq qiymətləndirilir. Layihə 2024-cü ilin noyabrında keçirilən hərracın nəticəsində əldə edilib, tikinti işlərinə isə 2025-ci ildə başlanılıb.
Paralel olaraq, “China Datang Overseas” şirkəti Böyükşor gölü ərazisində 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə birlikdə 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üzrə layihə hazırlayır. İnvestisiya sazişi 2025-ci ilin aprelində imzalanıb.
EDB vurğulayıb ki, hər iki layihə Azərbaycanın “yaşıl elektrik enerjisi” ixracının artırılması strategiyasına uyğundur və Çin şirkətlərinin bərpa olunan enerji sahəsində əsas texnoloji tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Sənaye layihələri çərçivəsində BYD şirkəti ilə “Electrify Azerbaijan”ın birgə təşəbbüsü əsasında Sumqayıtda elektrik mühərrikli avtobusların istehsalı müəssisəsi yaradılır. İlkin investisiya 17 milyon ABŞ dolları təşkil edir, istehsalın genişləndirilməsi mərhələsində isə investisiya həcminin 60–94 milyon ABŞ dollarına qədər artırılması planlaşdırılır. Layihə şəhər avtobus parkının yenilənməsinə və ictimai nəqliyyatın mərhələli elektrikləşdirilməsinə yönəlib.
Bundan əlavə, Çinin özəl investoru Ağdam Sənaye Parkında “Fujiai Azerbaijan” lift və eskalator istehsalı zavodunun yaradılmasını planlaşdırır. Bu layihəyə 2 milyon ABŞ dolları həcmində investisiya qoyulacağı gözlənilir.
EDB qeyd edib ki, bütün bu layihələr əsasən investorların öz vəsaitləri hesabına, Çin hökumətinin birbaşa büdcə dəstəyi olmadan maliyyələşdirilir.
Qeyd edək ki, 2008–2025-ci ilin III rübünün sonunadək Azərbaycanda beynəlxalq maliyyə institutlarının təsdiqlədiyi qeyri-suveren əməliyyatların ümumi həcmi 2,671 milyard ABŞ dolları təşkil edib. Bu məbləğin 61,7 milyon ABŞ dolları 2025-ci ilin payına, qalan hissəsi isə 2008–2024-cü illərə aiddir. Ümumilikdə 110 layihə həyata keçirilib ki, onlardan 51-i hazırda aktivdir.
Azərbaycanda ən iri investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Qara Dəniz Ticarət və İnkişaf Bankı ön sıralarda yer alır. Ən böyük maliyyələşmə istiqamətləri isə maliyyə sektoru, sənaye və bərpa olunan enerji sahələri olub.