Cocuq Mərcanlı kəndində yeni müəssisə fəaliyyətə başlayıb

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.

BBN.az xəbər verir ki, fevralın 2-də bununla bağlı İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə nazir müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda həyata keçirilən işlər barədə məlumat verib və yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində tikilmiş yem emalı müəssisəsində yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır