Daha bir ölkə kriptovalyutalara qadağa qoya bilər

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutalar Qərbi Avropa ölkələri, Cənubi Koreya, Yaponiya kimi bir sıra Asiya ölkələrində böyük rəğbətlə qarşılansa da, bəzi ölkələr kriptovalyutadan istifadəni məhdudlaşdırmağa davam edir.

Rusiya Federasiyası Mərkəzi Bankı da kriptovalyutaların əleyhinədir. Belə ki, “CoinGeek” portalına istinadən, maliyyə qurumu hazırda kriptovalyutaların qadağan edilməsinin zəruriliyini özündə əks etdirən hesabat hazırlayır və yaxın dövrdə hesabatın qanun layihəsi formasında parlamentə təqdim edilməsi planlaşdırılır.

Kriptovalyutaların qadağan olunmasında əsas səbəb kimi, qeyri-mərkəzləşdirilmiş valyuta olması və bundan törənə biləcək maliyyə dələduzluğu riskləri düşünülür. Bununla yanaşı, 2022-ci ilin əvvəllərində Rusiya Mərkəzi Bankı tərəfindən rəqəmsal rubl layihəsinin prototip məhsulu ictimaiyyətə təqdim olunacaq. Bu səbəbdən, kriptovalyutaların məhdudlaşdırılmasının rəqəmsal rublun ictimaiyyət tərəfindən mənimsənilməsi prosesini sürətləndirəcəyi düşünülür.

Qeyd edək ki, son olaraq Hindistanda Narendra Modi rəhbərliyi altında iqtidarda olan hökumətin irəli sürdüyü yeni qanun layihəsi ilə ölkədə kriptovalyutalar qadağan edilib. Konqress kitabxanası tərəfindən tərtib edilən “Regulation of Cryptocurrency Around the World 2021” araşdırmasına istinadən, hazırda 50-dən çox ölkə kriptovalyutalara qadağa və ya məhdudlaşdırma tətbiq edib.

Related posts

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı