“Daxili Audit” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib

1 mart 2019-cu il tarixində “Bank of Baku ASC”-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili Audit” Ekspert Qrupunun növbəti iclası keçirilib.

BBN.az xəbər verir ki, görüşdə Ekspert Qrupunun üzvləri ilə yanaşı, Daxili Auditorlar İnstitutunun nümayəndələri də iştirak ediblər.

Tədbir Ekspert Qrupunun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlayıb. Daha sonra, banklarda daxili audit bölmələrinin fəaliyyəti zamanı minimum tərtib olunmalı daxili sənədlər barədə müzakirə aparılıb. Ardınca, risk əsaslı audit planının hazırlanması mövzusunda Qrup üzvləri arasında təcrübə mübadiləsi aparılıb. Son olaraq, Daxili Auditorlar İnstitutunun nümayəndələri təqdimatla çıxış edib, Qrup üzvlərinə İnstitutun fəaliyyəti haqqında ətraflı məlumat çatdırıblar.

Görüşdə, “Quality Assurance Improvement Program” ilə bağlı həyata keçirilən təşəbbüslərin öyrənilməsi və auditorun hüquqi məsuliyyət çərçivəsinin dəqiqləşdirilməsi yönündə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə danışıqlar aparılması və Daxili audit işinin təşkili istiqamətində aparılna işlərin öyrənilməsi, eləcə də əməkdaşlığın edilməsi istiqamətində müraciətin hazırlanması  qərara alınıb. Yekunda növbətin görüşün gündəliyi və keçiriləcəyi tarix müəyyənləşdirilmişdir.

Xatırladaq ki, Daxili audit ekspert qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır