
Nazirlikdən verilən məlumata görə, dələduzlar telefon zəngi, mesaj və ya göndərdikləri link vasitəsilə insanları aldatmaq üçün müxtəlif üsullara əl atırlar. Onlar belə bildirirlər: “Mütəxəssislərimiz kartınıza kibermüdaxilə aşkar edib, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” — və bu yolla vətəndaşlardan kart məlumatlarını tələb edirlər.
DİN xəbərdarlıq edir ki, dələduzlar hətta görüntülü zəng edərək vətəndaşı daha da inandırmağa, telefonun dilini dəyişdirərək və təlimatlar verərək kartdakı vəsaiti oğurlamağa çalışa bilərlər. Nazirlik bir daha xatırladır ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini tələb etmir, həmçinin bunun üçün link, SMS və ya elektron məktub göndərmir.
Nazirliyin açıqlamasında qeyd olunub ki, bank əməkdaşı yalnız aşağıdakı məlumatları tələb edə bilər: kartın ilk və ya son 4 rəqəmi, sistemdə qeydiyyatda olan əlaqə nömrəsi və şəxsiyyət vəsiqəsinin FİN kodu.
DİN vətəndaşlara tövsiyə edir:
-
Kartınızın tam nömrəsini, PİN, CVV, OTP və digər məxfi məlumatları heç kimə verməyin;
-
Belə məlumat tələb edən və ya şübhəli link/sms göndərən şəxslərə inanmayın;
-
Şübhələndiyiniz zaman zəngi dərhal sonlandırın və bankın rəsmi nömrəsi ilə əlaqə saxlayın.
“Gəlin, kartımızın təhlükəsizliyini birlikdə qoruyaq!” — deyə nazirlik bildirir.







