“Deloitte Azərbaycan” böyük məmnuniyyətlə “Azerbaijan Best Managed Companies 2024” müsabiqəsini açıq elan edir

Bu biznes müsabiqəsi illik gəliri 20 milyon manatdan çox olan Azərbaycanın özəl şirkətlərinin tanınması üçün nəzərdə tutulub. “Best Managed Companies” layihəsi, Deloitte şirkətinin istənilən miqyasda özəl şirkətlər üçün xidmət göstərən xüsusi bölməsi olan “Deloitte Private” tərəfindən təqdim edilmiş ən qabaqcıl proqramdır. Proqramın Azərbaycanda sponsoru “Deloitte Private”, “PAŞA Bank” ASC, tərəfdaşları ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziyadır.

“Deloitte Azərbaycan”ın İdarəedici Partnyoru Nuran Kərimov böyük məmnunluq hissi ilə bildirib ki, 30 il ərzində 46 ölkədə uğurla tanınan “Best Managed Companies” layihəsi Azərbaycanda artıq iki ildir keçirilir və müvəffəqiyyətlə üçüncü ilinə keçid alır. Burada əsas hədəfimiz Azərbaycanda sahibkarlığa dəstək olmaqdır. Bu biznes müsabiqəsində iştirak edən özəl şirkətlər üçün bir çox imkanlar və üstünlüklər yaradılır. Layihə çərçivəsində Deloitte mütəxəssisləri iştirakçı şirkətlərin idarəetməsini dəyərləndirib onlarla aparıcı beynəlxalq praktikanı paylaşır və praktiki tövsiyələr verirlər. Qalibləri Azərbaycanda peşəkarlığı ilə tanınmış üzvlərdən ibarət müstəqil hakimlər heyəti müəyyən edir. Biz ölkəmizin özəl sektorda olan şirkətlərini bu nüfuzlu yarışmada iştirak etməyə dəvət edirik.

“Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bizneslərin dayanıqlı inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə daima dəstək verir. Belə layihələrin arasında “Best Managed Companies” platforması xüsusi rola malikdir. Bu layihə iqtisadiyyatın real sektorunun inkişafına əlavə stimuldur. Proqram biznes subyektlərinin korporativ idarəetmə, insan resurslarının idarə edilməsi, likvidliyin idarə olunması, kapitalın idarə edilməsi sahələrini təkmilləşdirmələrinə böyük töhfə verir. Bu birmənalı olaraq Azərbaycan iqtisadiyyatının sağlam inkişafına və sabitliyinə təsir edir. Bunu nəzərə alaraq, PAŞA Bank Deloitte şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən bu proqramın inkişafına dəstək verməyə davam edəcək,” – deyə, “PAŞA Bank”ın İdarə Heyətinin Sədri Cavid Quliyev vurğulayıb.

“Azerbaijan Best Managed Companies” müsabiqəsi Azərbaycanın özəl şirkətlərinin idarəetmə strukturunu qiymətləndirir və onların üstünlüyünü tanıdır. PAŞA Bankın dəstəyi ilə “Deloitte Azərbaycan”ın həyata keçirdiyi bu müsabiqə şirkətin fəaliyyətini müxtəlif prizmadan nəzərdən keçirir. Proqrama qatılan şirkətlər müsabiqədə qalib olmaq üçün ciddi seçim prosesindən keçməklə yarışacaqlar. Bu zaman həmin şirkətlərin rəhbərlərinin bacarıqları və təcrübəsi, həmçinin şirkətin strategiyası, insan kapitalının inkişafı, innovasiya, mədəniyyət və maliyyə göstəriciləri qiymətləndiriləcək. “PAŞA Bank”ın və “Deloitte Azərbaycan”ın sıx əməkdaşlığı nəticəsində 2021-ci ildən Azərbaycanda keçirilən bu müsabiqədə ümumilikdə 40-a yaxın şirkət iştirak edib və 5 şirkət “Best Managed Companies Azerbaijan” titulu ilə təltif edilib. Bu şirkətlər iki il ardıcıl olaraq qalib olan METAK və “Veysəloğlu Şirkətlər Qrupu”, 2022-ci il ildə ilk dəfə iştirak edərək qalib olan SƏBA və 2023-cü ildə ilk dəfə qalib olan “AVRORA Qrup” və NORM Sement şirkətləridir.

“Best Managed Companies” mükafat proqramının beynəlxalq tarixi.

“Best Managed Companies” mükafat proqramı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi uğurla həyata keçirilərək ölkənin ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 46 ölkədə həyata keçirilir. Buraya Çin, ABŞ, Cənub-Şərqi Asiya ölkələri, Niderland, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir.

Daha ətraflı məlumat üçün sayta keçid: Azərbaycanın Ən Yaxşı İdarə Edilən Şirkətləri (deloitte.com)

“Deloitte” haqqında

“Deloitte” adı “Deloitte Touche Tohmatsu Limited” şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL (“Deloitte Qlobal”) və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL müştərilərə xidmətlər göstərmir. Ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte qlobal səviyyədə audit və əminlik, konsaltinq, maliyyə, risk, vergi üzrə məsləhət xidməti və digər əlaqədar xidmətlər göstərən aparıcı markalardandır. Artıq iyirmi ildən çox “Deloitte” Azərbaycan bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir və hazırda “Deloitte Bakı” ofisində 200 nəfərdən artıq işçi çalışır.

“PAŞA Bank” haqqında

2007-ci ildə yaradılmış “PAŞA Bank” Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə – aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir. “PAŞA Bank” investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. Hazırda kapital səviyyəsinə görə “PAŞA Bank” Azərbaycanın ən iri özəl maliyyə institutudur və aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir.

Related posts

Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri və “etender.gov.az” portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu – Foto

Ankara OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin üzvləri ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı