Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən Ukraynaya maliyyə dəstəyi məqsədilə istifadə etməyi planlaşdırması Avropa maliyyə sistemində yeni risklər yaradıb.
BBN.az xəbər verir ki, Beynəlxalq reytinq agentliyi Fitch Ratings bu planların hüquqi və likvidlik baxımından təhlükələr doğura biləcəyini açıqlayıb.
Fitch-in qərarına əsasən, Belçikada yerləşən Euroclear Bank “Rating Watch Negative” – mənfi reytinq nəzarəti siyahısına salınıb. Agentlik bildirib ki, Avropa İttifaqının Rusiyaya məxsus mərkəzi bank aktivlərindən “reparasiya krediti” mexanizmi yaratmaq təşəbbüsü Euroclear-in balansında müddət uyğunsuzluğu və potensial öhdəlik riski yarada bilər.
Qeyd edək ki, Avropada təxminən 165 milyard avro həcmində Rusiya Mərkəzi Bankına aid aktivlər dondurulub. Bu vəsait hazırda Euroclear vasitəsilə Avropa Mərkəzi Bankında qısamüddətli depozitlərdə saxlanılır. Aİ-nin planına əsasən, həmin vəsait gələcəkdə Avropa Komissiyası tərəfindən buraxılacaq istiqrazlara yatırılaraq Ukraynaya kredit kimi yönəldilə bilər.
Analitiklərin fikrincə, aktivlərin müsadirə edilmədən istifadəsi beynəlxalq hüquq, investor etimadı və maliyyə sabitliyi baxımından presedent yarada bilər. Bu isə Avropanın maliyyə infrastrukturuna və depozitar institutlara qarşı riskləri artırır.
Fitch bildirib ki, reytinq məsələsi Aİ sammitində qərarların dəqiqləşməsindən sonra yenidən qiymətləndiriləcək. Mütəxəssislər isə hesab edir ki, prosesin gedişi təkcə Avropa deyil, qlobal maliyyə bazarları üçün də əhəmiyyətli siqnal olacaq.