Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi növbəti dəfə Avropa Sosial Şəbəkəsinin “European Social Services Awards – 2024” (ESSA 2024) müsabiqəsinin qalibi olub.
Müsabiqə sosial xidmətlər sahəsində təşəbbüsləri, insanların qayğı ilə əhatə olunması üçün kreativ həllərin tətbiqini, yeni texnologiya alətlərinin işə salınması və s. üzrə əldə olunan nəticələri dəyərləndirmək məqsədi daşıyıb.
DOST Agentliyi “Rəqəmsal transformasiya” kateqoriyasında əlilliyi olan şəxslər və digər risk qrupu nümayəndələri üçün veb-əlçatanlığın təmin olunmasına görə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb.
Təltifetmə mərasimi Portuqaliyanın Lissabon şəhərində baş tutub. Müsabiqənin qalibləri münsiflər heyətinin səsləri (85 faiz) və ictimai səsvermənin (15 faiz) nəticəsinin cəmi əsasında müəyyən olunub. DOST Agentliyi “Digital Transformation” nominasiyası üzrə Böyük Britaniya, İspaniya və Ukrayna kimi ölkələr tərəfindən təqdim edilən və finala çıxmış ümumilikdə 5 layihə arasından maksimum nəticə ilə qalib elan edilib.
DOST Agentliyinin müsabiqəyə təqdim etdiyi layihənin məqsədi əlilliyi olan şəxslərin informasiya resurslarına çıxışını təmin etmək üçün davamlı icra mexanizmini işləyib hazırlamaq, işlək vəziyyətə gətirmək və qanunvericiliklə əlilliyi olan şəxslər üçün xidmət mühitindən istifadə arasında fərqi aradan qaldırmaq olub. Nəticədə əlilliyi olan şəxslərin vətəndaş məmnunluğu səviyyəsi ardıcıl olaraq yüksək (98 faiz) səviyyədə saxlanılıb.
Xatırladaq ki, bu mükafat DOST Agentliyinin Avropa Sosial Şəbəkəsi tərəfindən layiq görüldüyü 2-ci, ümumilikdə isə 27-ci beynəlxalq mükafatdır.