DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların astronavtlarla görüşü keçirilib

Oktyabrın 2-də Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar və paralimpiyaçıların astronavtlarla görüşü keçirilib.

“Kosmos və inklüzivlik” mövzusunda keçirilən görüşdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova Mərkəzin fəaliyyəti barədə məlumat verib. Burada şəhid ailəsi üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrdən olan və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsi işlərinin aparıldığı vurğulanıb.

“Azərkosmos”un təhsil üzrə meneceri İmran Muxtarov iştirakçılara qurumun fəaliyyət istiqamətləri, Beynəlxalq Astronavtika Konqresi və “Beynəlxalq astronavtlar proqramı” haqqında ətraflı məlumat verib.

ABŞ-dən olan astronavtlar Con-Devid Bartoe, Entoni Antonelli, Rasti Şvaykart, kanadalı xanım astronavt Juli Payet, Birləşmiş Ərəb Əmirliklərindən astronavt Həzza Əl-Mənsuri, ilk misirli xanım astronavt Sara Sabri və ilk braziliyalı kosmik turist Viktor Hespana ilə interaktiv formatda görüş keçirilib. Onlar kosmosa səyahət və kosmik missiyaları ilə bağlı təəssüratlarını bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları Orxan İmanov və Səbinə Əsgərova isə uğur hekayələrini bölüşüblər. Səbinə Əsgərova kanadalı musiqiçi Maykl Bublenin repertuarından mahnı ifa edib.

Görüşdə Azərbaycanın paralimpiyaçıları Səid Nəcəfzadə,  Orxan Aslanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Əbülfəz Abuzərli, Sona Ağayeva və Vüsal Kazımov da iştirak ediblər.

74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində çoxsaylı texniki sessiya və konfranslar keçirilir. Tədbir dünya ölkələrinin kosmos sahəsi üzrə fəaliyyətlərinin müzakirəsinə, yeni əməkdaşlıq və biznes əlaqələrinin qurulmasına imkan yaradır.

Konqres çərçivəsində məktəblilər, tələbələr, şəhidlərin və müharibə iştirakçılarının övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənc alimlər daxil olmaqla 3000 nəfərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Yeniyetmə və gənclər arasında kosmos sahəsinə, yüksək texnologiyalara marağın artırılması, milli kosmik ekosistemin təşviqi proqramın əsas məqsədlərindəndir.

Related posts

ABA Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir

Növbəti hərraclarda 9 nəqliyyat vasitəsi satılıb

Unibank jurnalistlər üçün dayanıqlı maliyyə mövzusunda seminar keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı