Koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyini, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu, habelə Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli iclasında COVİD-19 virusu pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qəbul edilmiş təcili, təxirəsalınmaz və icrası məcburi olan qərarlarların icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin DOST mərkəzlərində vətəndaşların qəbulu cari ilin martın 15-dən 20-dək xüsusi iş rejimi tətbiq olunmaqla məhdudlaşdırılacaq.
Qeyd etmək istərdik ki, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində əksər xidmətlər artıq tam elektronlaşdırılmışdır. Belə ki, hazırda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək müqaviləsi bildirişi”, “Ünvanlı yardım” (VEMTAS), “Əlillik” (TSERAS), “Sığorta”, “Pensiya”, “Məşğulluq”, “E-Arayış” altsistemləri vasitəsilə qeyd olunan istiqamətlərdə xidmətlər əhaliyə elektron şəkildə göstərilir. Həmçinin əhalinin məlumatlandırılması məqsədi ilə 142 – Çağrı mərkəzi fəaliyyət göstərir. Cari ildə Nazirliyin elektron xidmətlərindən istifadə sayı 2 774 891 təşkil etmiş, o cümlədən 17 853 yaşa görə pensiya, 1 377 əlilliyə görə pensiya, 35 506 müavinət, 3 141 təqaüd təyinatı proaktiv qaydada həyata keçirilmiş, 165 000 elektron arayış verilmişdir.
Vətəndaşlar e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının “Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Nazirliyin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.
DOST mərkəzlərinin xüsusi rejimdə fəaliyyət göstərdiyi müddətdə əhalinin yuxarıda qeyd olunan elektron xidmətlərdən istifadə etmə imkanı saxlanılacaq, habelə 142 – Çağrı mərkəzi vasitəsi ilə vətəndaşların müraciətləri qəbul olunacaq.
Həmçinin mərkəzlərin xidmətlərindən istifadə etmək üçün vətəndaşlara alternativ üsul olaraq aşağıda qeyd edilən e-maillər müəyyən edilmişdir:
1 saylı Bakı DOST Mərkəzi:
dost1_mashgullug@sosial.gov.az
2 saylı Bakı DOST Mərkəzi:
dost2_mashgullug@sosial.gov.az
Bundan başqa, 16 mart 2020-ci il tarixindən etibarən vətəndaşların rahatlığı üçün Nazirlik tərəfindən göstərilən bütün sorğu və xidmətlərlə bağlı e-sosial.az portalına daxil olmaqla elektron qaydada müraciət etmək imkanı olacaq. Elektron müraciətlər zamanı vətəndaşın identifikləşdirilməsi şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və fərdi identifikasiya nömrəsi əsasında həyata keçiriləcək. Vətəndaşın kimliyi müəyyənləşdirildikdən sonra istifadə etmək istədiyi xidməti seçməklə zəruri sənədlərin elektron variantını qoşmaya əlavə edəcək və xidmətin nəticəsi barədə məlumat almaq üçün əlaqə məlumatlarını daxil edəcək. Qanunverciliyə uyğun olaraq müraciətlərə baxıldıqdan sonra müraciətdə göstərilmiş əlaqə vasitəsinə müraciətin nəticəsi barədə məlumat göndəriləcək.
Hazır sənədlərin DOST mərkəzlərindən götürülməsi 142 – Çağrı mərkəzinə öncədən məlumat verilməklə həyata keçiriləcək.
Həmçinin bildiririk ki, martın 20-dən 29-dək Novruz bayramı ilə əlaqədar DOST mərkəzlərində qeyri-iş günüdür.