Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallıda seminar keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında işəgötürənlərin iştirakı ilə “Əmək normaları, əməyin ödənilməsi, qaydaları və təminatları”, “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib.

BBN.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki,  tədbirdə Lənkəran və Masallırayonları ilə yanaşı, Astara, Lerik, Cəlilabad, Biləsuvar, Yardımlı rayonlarından olan ayrı-ayrı işəgötürənlər iştirak edib. Seminarda əmək haqqının verilməsinin müddətləri ilə bağlı əmək qanunvericiliyində əksini tapan prinsiplər, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri, işçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi və digər məsələlər haqqında məlumatlar verilib.

Həmçinin orta əmək haqqı və onun hesablanması qaydası, əməyin ödənilməsinin təminatları, müəssisənin ləğv edildiyi hallarda işçilərin əmək haqqı, sosial müdafiə xarakterli ödəmələrinin, o cümlədən istifadə etmədikləri məzuniyyətə görə pul əvəzinin ödənilməsi ilə bağlı Əmək Məcəlləsinin tələbləri, əmək haqqından tutulmalara yol verilən hallar haqqında da danışılıb.

Qeyd edək ki, seminarda qeyri-formal məşğulluğun sosial-iqtisadi inkişaf üçün mənfi nəticələrindən bəhs olunub. Qeyd edilib ki, əmək münasibətlərinin qeyri-rəsmi xarakter daşıması işçilərin gələcək sosial müdafiə hüquqlarına malik olmasına maneə yaradır və qanunvericiliyə əsasən hər bir işəgötürən işçilərlə əmək münasibətlərini əmək müqaviləsi əsasında qurmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır