“Dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası” haqqında Tədbirlər Planı təsdiq edilib

Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

İclasda qeyd edilib ki, cari ilin əvvəlində vergi qanunvericiliyində və bir sıra digər qanunvericilik aktlarında edilmiş dəyişikliklər dövlət büdcəsinə vergi daxilolmalarının həcminə də müsbət təsir edib və büdcə proqnozları icra olunub. Vergilər Naziri Fazil Məmmədov, bununla yanaşı, büdcə gəlirlərinin artırılmasının davamlılığının və sabitliyinin təmin olunması üçün mövcud vergi potensialından maksimum yararlanmağın vacib olduğunu diqqətə çatdırıb.

Kollegiya iclasında əsas məruzə ilə çıxış edən büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinin icraçısı Habil Məmmədov iqtisadiyyatın ayrı-ayrı sektorları və tədiyyə növləri üzrə vergi daxilolmalarının cari vəziyyəti və vergi orqanlarının informasiya məlumat bazaları əsasında hazırlanmış təhlillər barədə məlumat verib. Bu məqsədlə cari ilin sentyabr ayı və sonrakı 3 ay üçün Tədbirlər Planının ilkin layihəsinin hazırlandığı qeyd edilib və həmin Tədbirlər Planının əsas müddəaları kollegiya üzvlərinin nəzərinə çatdırıb.

Bildirilib ki, Tədbirlər Planı 2 hissədən, 2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və həmin dövrdə vergi inzibatçılığı ilə bağlı görülməli işlərdən ibarətdir. Potensial vergi gəlirlərinin artırılması üçün borclu vergi ödəyicilərdən daxilolmaların təmin edilməsi zəruriliyi qeyd edilib, səyyar vergi yoxlamaları ilə aşkarlanmış nöqsanları növbəti hesabat dövrlərində aradan qaldırmayan vergi ödəyicilərinin müəyyən edilməsi və yayındırılmış vergilərin bərpa edilməsi üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Kollegiya üzvlərinin nəzərinə çatdırılıb ki, aparılmış təhlillər ayrı-ayrı fəaliyyət sahələri üzrə vergidən yayınma hallarının hələ də mövcud olduğunu göstərir və belə sahələrdə vergi nəzarətinin artırılmasına və inzibatçılığın təkmiləşdirilməsinə ehtiyac var.

Tədbirlər Planı Kollegiyada ətraflı müzakirə edilib, hər bir struktur vahidi üzrə Tədbirlər Planında nəzərdə tutulan konkret vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə “2017-ci ilin sentyabr ayı və növbəti 3 ay üçün Vergilər Nazirliyi qarşısında duran vəzifələrlə bağlı Tədbirlər Planı” təsdiq edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır