Dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb

2019-cu ilin altı ayında dövlət büdcəsinin xərcləri 10951,0 mln. manat icra olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15,0 faiz və ya 1426,7 mln. manat çoxdur. 

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 36,1 faizi və ya 3953,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz və ya 328,0 mln. manat çoxdur.

2019-cu ilin altı ayında dövlət büdcəsi xərclərinin 5621,0 mln. manatı və ya 51,3 faizi cari xərclərə, 3941,6 mln. manatı və ya 36,0 faizi əsaslı xərclərə, 1388,4 mln. manatı və ya 12,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilib.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5891,8 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 775,5 mln. manat və ya 15,2 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır