Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında saziş imzalanıb

İyunun 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

Komitə sədri BMTİP ilə ölkəmizin gömrük orqanları arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın Azərbaycan gömrüyünün inkişafına mühüm dəstək göstərdiyini diqqətə çatdırıb. Səfər Mehdyev bildirib ki, son dövrlərdə Prezident İlham Əliyevin gömrük sistemində reallaşdırdığı islahatlar hasabına gömrük orqanları bütün sahələrdə mühüm nailiyyətlər əldə edib. Belə ki, şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi hesabına gömrük orqanları nəzərdə tutulan proqnozu artıqlaması ilə yerinə yetirib. Son bir ildə ölkəmizdən tranzit keçməklə Avropaya daşınması nəzərdə tutulan 1,7 ton narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Komitə sədri onu da vurğulayıb ki, hazırda İT sahəsində Azərbaycan gömrük orqanları dünyanın bir sıra inkişaf etmiş ölkələrini geridə qoyur.

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan gömrüyünün beynəlxalq aləmin etibarlı tərəfdaşına çevrildiyini vurğulayan Səfər Mehdiyev cari ilin aprel ayında Dövlət Gömrük Komitəsinin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri seçilməsinin, ÜGT-nin “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”nin iyunun 12-də Bakıda keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirib.

Daha sonra Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında bu qurumun dəstəyi ilə həyata keçirilən “Azərbaycan və Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsinin vaxtının uzadılmasına dair saziş imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır