Dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi iqtisadi artımı dəstəkləyəcək

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ölkəmizin vətəndaşlarının dövlət müəssisələrinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi istiqamətində mühüm addımdır.

BBN.az-ın məlumatına görə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin rəhbəri Günay Quliyeva Sərəncamın əhəmiyyətini şərh edərək bildirib ki, tapşırıqda nəzərdə tutulan məsələlərin icrası nəticəsində iqtisadi səmərəlilik yüksəldilə və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetə uyğun olaraq, “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” daha da güclənə bilər.

Günay Quliyeva bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qeyd edildiyi kimi, iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlıq gücləndirilməli, yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır. Prioritetlərə uyğun olaraq, Azərbaycan iqtisadiyyatına özəl sərmayə cəlbinin artırılması üçün dövlət aktivlərinin bir hissəsinin özəl sektora müxtəlif mülkiyyət və idarəetmə formalarından istifadə etməklə ötürülməsi böyük əhəmiyyət kəsb edir.

Şöbə müdiri Sərəncamdakı daha mühüm bir məqama diqqət çəkib.

O qeyd edib ki, iqtisadiyyatda dövlətin miqyasını optimallaşdırmaq və qeyri-dövlət investisiyalarının cəlbinin artırılması uzunmüddətli iqtisadi artımı dəstəkləyə bilər:

“Təbii ki, bunun üçün ilk növbədə investisiyaya açıq müəssisələr, onların maliyyə ehtiyacları və həmin müəssisələrdə dövlət və özəl sektorun payının optimal nisbətini müəyyənləşdirmək zəruridir. Bütün bu məsələlər Sərəncamda öz əksini tapıb və özəl investisiyaya açıq dövlət müəssisələrinin siyahısı müəyyənləşdirilib. Digər tərəfdən, dövlət müəssisələrinə yeni və innovativ texnologiyalardan istifadə edən özəl şirkətlərin investisiya qoyması uzun müddətli perspektivdə iqtisadiyyatda daha çox əlavə dəyər yarada bilər. Bütün bunlar sayəsində Azərbaycan qısa müddətdə qlobal dəyər zəncirinə qoşula bilər”.

İİTKM təmsilçisi hesab edir ki, müəyyən strateji sahələr istisna olmaqla, digər sahələrdə dövlətin bilavasitə iştirakının optimallaşdırılması, həmin fəaliyyət növlərinin mərhələli şəkildə özəl sektora ötürülməsi nəticəsində iqtisadi səmərəliliklə yanaşı, dövlət resurslarına qənaət olunmasına və iqtisadiyyatın dövlət sərmayəsindən asılılığının azaldılmasına nail oluna bilər.

Qeyd edək ki, qeyri-neft/qaz sektoruna birbaşa xarici investisiya cəlbinin təşviq edilməsi, dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasiya olunması “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da öz əksini tapıb.

Related posts

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan neftinin qiyməti bahalaşıb

Bu günə kimi DVX tərəfindən 645 pərakəndə ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı