ARDNF-nin investisiya portfelində qızılın payı 26%-i keçib.
BBN.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində qızılın xüsusi çəkisi bu ilin ilk yarısında 26%-dən çox olub.
Fond 2025-ci ilin ikinci rübündə də qızıl alışlarını davam etdirib. Eyni zamanda, qlobal bazarlarda qızılın qiymətinin yüksək olması, onun Fondun ümumi aktivlərindəki payının artmasına təsir göstərib.
Qeyd edək ki, ARDNF-nin investisiya siyasətinə əsasən, investisiya portfelinin ümumi dəyərinin maksimum 25%-ə qədəri qızıla yatırılmasına icazə verilir. Bununla yanaşı, qiymət dəyişiklikləri fonunda qızılın portfeldəki payı maksimum 29%-ə qədər yüksələ bilər.
Xatırladaq ki, 2025-ci ilin birinci rübündə Fondun qızıl portfeli artaraq 31 mart 2025-ci il tarixinə 165,3 tona çatıb. Fondun əvvəlki açıqlamasında qızıl portfelinin maksimal həddə çatdırılması məqsədinin olduğu bildirilmişdi.
Bu yanaşma qızılın uzunmüddətli dövrdə dəyərini qoruyan etibarlı investisiya aləti kimi qəbul edilməsi, inflyasiya risklərinə qarşı effektiv müdafiə vasitəsi olması, eləcə də geosiyasi gərginliklər və qlobal iqtisadi qeyri-sabitlik fonunda valyuta ehtiyatlarının şaxələndirilməsi və risklərin azaldılması məqsədi ilə əsaslandırılır.