Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna yeni – 2-1-ci maddənin əlavə edilməsi təklif olunub.
Kimlər icbari sığorta olunacaq?
Təklif edilən dəyişikliklə aşağıdakılar icbari qaydada sığortalanacaq:
-
Dövlət orqanlarında və bələdiyyələrdə çalışan şəxslər;
-
Dövlət və bələdiyyə mülkiyyətində olan və ya səhmlərinin nəzarət paketi dövlətə/bələdiyyəyə məxsus olan hüquqi şəxslərin əməkdaşları;
-
Dövlət adından yaradılan publik hüquqi şəxslərin və büdcə təşkilatlarının əməkdaşları;
-
İstehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
-
Könüllü fəaliyyətə cəlb olunan şəxslər.
Bu şəxslərin hamısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən icbari sığorta olunacaqlar.
Sığorta uçotu və sığortaçı
-
Sığorta olunanların və sığortalıların uçotu qaydası həmin qurum tərəfindən müəyyən ediləcək;
-
Bu şəxslərə görə sığortaçı funksiyasını da dövlətin müəyyən etdiyi qurum icra edəcək;
-
Kommersiya sığorta şirkətlərinə tətbiq olunan tənzimləmə və nəzarət normaları bu quruma şamil edilməyəcək.
Sığorta ehtiyat fondu yaradılacaq
İcbari sığorta haqlarının 5 faizədək hissəsi ehtiyat fondu kimi formalaşdırılacaq. Bu fond sığorta ödənişlərinin davamlılığını təmin etmək məqsədi daşıyacaq.
Kimlərə şamil edilməyəcək?
Qanun dəyişikliklərinə əsasən:
-
Dövlət icbari şəxsi sığorta münasibətlərinə bu sığorta şamil olunmur;
-
Beləliklə, bədbəxt hadisə və peşə xəstəlikləri üzrə icbari sığorta müqaviləsi və annuitet müqaviləsi yuxarıda sadalanan dövlət və bələdiyyə sektorunda çalışanlara aid edilməyəcək.
Digər şəxslər üçün sığortaçı kim olacaq?
Dövlət sektoru istisna olmaqla:
-
Hüquqi şəxs yaratmadan sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
-
Xüsusi və digər özəl müəssisələrdə çalışan işçilər üçün sığortaçı – həyat sığortası üzrə lisenziyaya malik və İcbari Sığorta Bürosunun üzvü olan yerli sığorta şirkətləri olacaq.