Yeni Qanunun tələbləri və tətbiqi ilə bağlı praktiki məsələlərin izah olunması məqsədilə keçirilən təlimdə Qanunla nəzərdə tutulan yeniliklər, onun üstünlükləri və nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi” mövzusunda dövlət qurumlarının nümayəndələri üçün silsilə təlimlərin keçirilməsinə başlanılıb.
Təhsil sahəsində fəaliyyət göstərən satınalan təşkilatlar üçün keçirilən tədbirə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Elxan Nəcəfov və aidiyyəti rəhbər şəxslər qatılıblar.
Təlimdə “Dövlət satınalmaları haqqında” yeni Qanunun üstünlükləri, Qanunla nəzərdə tutulan yeniliklər, genişləndirilmiş tətbiq dairələri və nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib. Dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, tender təkliflərinin qiymətləndirilməsi və digər əlaqədar mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev təlimlərin satınalma prosesinin planlaşdırılması və şəffaflığın təmin edilməsi baxımından yerli təhsili idarəetmə orqanları və tabeli müəssisələr üçün faydasını qeyd edib, təlim keçən əməkdaşların əldə etdiyi biliklərin təcrübədə tətbiqinin satınalan təşkilatlar üçün səmərəliliyi və operativliyi artıracağını vurğulayıb.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışı zamanı bildirib ki, dövlət satınalmaları haqqında yeni Qanun KOB-ların inkişafına, istehsal və xidmət sayında artıma müsbət təsir edəcək, liberal iqtisadi münasibətləri tənzimləyəcək ki, bu da son nəticədə ölkədə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa töhfə verəcək. Dövlət satınalmaları çərçivəsində xərclənən məbləğin ilbəil artdığını qeyd edən Xidmət rəisi dövlət satınalmalarının sahibkarlığın ən böyük təşviq fondu rolunu oynadığını bildirib.