Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşları – Mirəli Kazımov, Nazim Əliyev və Şahzadə Mədətova tərəfindən “İqtisadi cinayətkarlığın təzahürü olan kölgə iqtisadiyyatının xüsusi çəkisinin faydalılıq funksiyası əsasında qiymətləndirilməsinin fazi modeli” mövzusunda tədqiqat işi hazırlanıb. Bu tədqiqat işi professor Lütfi Zadənin 100 illiyinə həsr olunmuş “Yumşaq Hesablama, Sözlərlə Hesablama, Qavrama və Süni İntellekt nəzəriyyəsi və tətbiqi” üzrə 11-ci Beynəlxalq Konfransa təqdim olunub. Konfransın Təşkilat Komitəsi tədqiqat işinin müəllifləri Türkiyədə keçirilmiş konfransa dəvət ediliblər.
Elmi yenilikləri əks etdirən tədqiqat işində iqtisadi sistem vergi orqanı, dövlət və vergi ödəyicisi timsalında iqtisadi subyekt kimi iki komponentin qarşılıqlı əlaqəsi şəklində nəzərdən keçirilib, bu növ münasibətdə kölgə iqtisadiyyatının yaranma prosesi və onun xüsusi çəkisinin aşağı salınmasınin qeyri-səlis modeli təklif edilib. Fazi dəyişənlər olaraq bəyan edimiş rentabellik, toplanan verginin xüsusi çəkisi və vergi ödəyicisinin sərəncamında qalan gəlirin xüsusi çəkisi çıxış edib. Aparılan təhlillər ilə rentabelliyin həm sahələr üzrə, həm də bir sahədə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə fərqləndiyi müəyyən olunub və bu baxımdan bəyan edilmiş rentabellik faktoruna və onun gizlədilməsinə görə tətbiq olunan cəriməyə diferensial yanaşmanın tətbiqinin məqsədəuyğunluğu qeyd olunub.
Konfransda ölkəmizi DVX-nin Tədris Mərkəzi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AMEA İdarəetmə Sistemləri İnstitutu və Xəzər universitetinin nümayəndələri təmsil ediblər. DVX-nin Tədris Mərkəzinin nümayəndələri konfrans çərçivəsində bir sıra dövlətlərin elm və təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər keçirərək, qarşılıqlı faydalı əməkdaşlığın imkanlarını müzakirə ediblər.
Konfransın materiallarının Scopus, SClmago, Inspect, WTI Frankfurt eG zbMATH tərəfindən indeksləşdirilməsi və Web of Science bazasına daxil olan elmi jurnallarda nəşr olunması nəzərdə tutulur.
Qeyd edək ki, bu mövzuda konfranslar 2001-ci ildən başlayaraq keçirilir. Konfransın əsas məqsədi elm adamları və mühəndislərin Yumşaq Hesablama, Sözlərlə Hesablama, Qavrama üzrə çağdaş bilik və təcrübələrinin bölüşdürülməsidir. Konfransda ABŞ, Kanada, Rusiya, Türkiyə, Azərbaycan, Polşa, İspaniya, Serbiya, İran, Özbəkistan, Qazaxıstan və digər ölkələrin alim və mütəxəssisləri iştirak edir.