İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqi” mövzusunda dövlət qurumları üçün seminar formatında silsilə təlimlərin keçirilməsinə başlayıb.
BBN.az xəbər verir ki, ilk seminar Elm və Təhsil Nazirliyinin, eləcə də onun tabeli qurumlarının əməkdaşları üçün təşkil olunub.
Təlimin məqsədi aidiyyəti struktur bölmələrini dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadə, şəffaflıq və intizamlılıq səviyyəsini artırmaq və elektron satınalmalara tam keçid barədə məlumatlandırmaq, qanuna edilən yeni dəyişikliklərin müsbət tərəfləri haqqında maarifləndirməkdir.
Tədbirin açılışında çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev təlimlərin satınalma prosesinin planlaşdırılması və şəffaflığın təmin edilməsi baxımından yerli təhsili idarəetmə orqanları və tabeli müəssisələr üçün faydasını qeyd edib, əldə edilən biliklərin səmərəliliyi və operativliyi artıracağını vurğulayıb.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli isə çıxışı zamanı sözügedən təlimlərin sahibkarlar və satınalan təşkilatlar üçün əhəmiyyətindən söz açıb. O, bildirib ki, yeni qanun dövlət satınalmalarının səmərəli keçirilməsi ilə yanaşı, sahibkarlığın inkişafına böyük töhfə verəcək, KOB subyektlərinin təşviq fondu rolunu oynayacaq. O, vurğulayıb ki, növbəti ilin yanvarın birindən qüvvəyə minəcək qanun iqtisadiyyatın inkişafı üzrə əsas normativ hüquqi bazalardan biri olacaq. Dövlət Xidmətinin rəisi, eyni zamanda Rəqabət Məcəlləsi layihəsinin Milli Məclisdə II oxunuşdan keçidiyini və ilin sonuna qədər qəbul olunmasının gözlənildiyini bildirib.
Tədbir dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, məxfiliklə bağlı qaydalar, tender təkliflərinin qiymətləndirilməsi və qanuna edilən digər dəyişikliklərin yer aldığı seminarla davam etdirilib.
Sonda satınalan təşkilatlar arasında mübahisəli məsələlərin həlli müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.